ABŞ, İsrail və İran iki həftəlik atəşkəsə RAZILIQ VERDİ
Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində kritik dönüş nöqtəsi yaşanır.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İsrail rəhbərliyi və İranın Ali Lideri Müctəba Xamenei Pakistanın vasitəçiliyi ilə təklif olunan iki həftəlik atəşkəs planını rəsmən qəbul ediblər.
Prezident Donald Tramp “Truth Social” hesabında Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ilə aparılan uğurlu danışıqlardan sonra İranın bombardman edilməsini iki həftəlik dayandırmağa razı olduğunu açıqlayıb. Tramp qeyd edib ki, artıq hərbi məqsədlərə nail olunub və İranın təqdim etdiyi 10 maddəlik plan sülh üçün real əsasdır.
“Axios”un verdiyi məlumata görə, İsrail hökuməti də hərbi əməliyyatları müvəqqəti dayandırmaq barədə Ağ Evlə razılığa gəlib. İsrailin hücumları dayandırması İranın Hörmüz boğazını açmasından dərhal sonra qüvvəyə minəcək.
İranın Ali Lideri Müctəba Xamenei Çinin diplomatik təzyiqi və Pakistanın təklifi fonunda atəşkəsi təsdiqləyib. İran tərəfi qarşılıqlı olaraq Hörmüz boğazının təhlükəsiz və dərhal açılacağını, hücumlar dayandırılacağı təqdirdə müdafiə əməliyyatlarını dayandıracağını bildirib.
Qeyd edık ki, 14 günlük fasilə tərəflər arasında daha uzunmüddətli sülh sazişinin hazırlanması və regionda sabitliyin təmin edilməsi üçün bir imkan pəncərəsi kimi qiymətləndirilir.






