ABŞ-nin İrana qarşı apardığı müharibədə xərclədiyi pulların məbləği İFŞA OLDU
Nyu-York şəhərinin meri Zöhran Məmdani ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ölkə iqtisadiyyatına vurduğu zərərlə bağlı kəskin bəyanatla çıxış edib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun ilk müsəlman meri federal hökumətin hərbi xərclərini “mənəvi və iqtisadi məsuliyyətsizlik” adlandırıb.
Məmdani rəsmi sosial media hesablarında və verdiyi müsahibələrdə bildirib ki, rəsmi Vaşinqton İranın bombardman edilməsinə gündəlik ən azı 500 milyon dollar vəsait ayırıb.
Şəhər rəhbəri bu vəsaitin ölkə daxilindəki sosial problemlərin həllinə yönəldilməsinin vacibliyini vurğulayıb:
“Müharibə üçün həmişə pul tapılır, lakin kasıbları doyurmaq üçün yox. Bu pullarla minlərlə müəllim işə götürülə, yeni sosial mənzillər tikilə, köhnəlmiş yol və körpülər təmir edilə bilərdi. İnsanların yaşayış xərcləri böhranı ilə mübarizə apardığı bir vaxtda milyardlarla dolların müharibəyə xərclənməsi qəbuledilməzdir”.
Məmdani Tramp administrasiyasını hərbi ritorikadan daşınaraq daxili sosial islahatlara diqqət ayırmağa çağırıb.
Qeyd edək ki, Zöhran Məmdani 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına başlayaraq Nyu-York tarixinin ilk müsəlman meri olub.







