"ABŞ olmasa idi, İsrail çoxdan məhv edilmişdi" - ŞƏRH
ABŞ dövlət katibi Marko Rubionun İsrailə planlaşdırılan səfərinin təxirə salınması Vaşinqton-Təl-Əviv xəttində və İranla bağlı siyasətdə yeni müzakirələrə səbəb olub. Rəsmi səbəblər açıqlanmasa da, qərarın diplomatik və təhlükəsizlik kontekstində qiymətləndirildiyi bildirilir.
ABŞ-İsrail münasibətlərinin hazırkı vəziyyəti, regiona təsiri barədə Patrul.az-a şərh edən politoloq Elşad Həsənov bu iki ölkənin strateji müttəfiq olduğunu bildirib:
“Birincisi, ABŞ olmasa idi, İsrail çoxdan məhv edilmişdi. Onu da demək lazımdır ki, bu yaxınlarda Netanyahunun səfər çərçivəsində Donald Trampla görüşləri baş tutdu, amma müəyyən qədər istəyinə nail ola bilmədi. İsrail ABŞ-nin İrana hücum etməsini və bu ölkəni tamamilə dağıtmasını istəyir. ABŞ isə öz dövlət maraqlarına uyğun siyasət yürüdür. Çünki aralıq seçkiləri baş tutacaq və bu əsnada Trampın İranla müharibəyə girməsi ölkədə müəyyən narahatlıqlar ortaya çıxaracaq. Bu müharibə ABŞ üçün böyük xərclər tələb edir. Ona görə də Tramp məsələni diplomatik yolla həll etmək istəyir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Araqçi ilə Cenevrədə danışıqları baş tutacaq. Bu danışıqlarda ABŞ tərəfindən ilə nüvə proqramını dayandırmaq tələb olunur. İran isə özünün alternativ təklifini hazırlayıb. Əraqçi razılaşmaya çox yaxın olduqlarını bildirir. Ona görə də İran ətrafında vəziyyət həddindən artıq gərgindir. Son dövrlərin ən çox silah-sursatlı hərbi donanması Yaxın Şərqdədir. Bu o deməkdir ki, müharibə olacağı təhlükəsi çoxdur. Lakin hesab edirəm ki, hər şey sabahkı danışıqlardan asılıdır”.

E.Həsənovun sözlərinə görə, ABŞ İsrailin müəyyən nüanslarda dediyini etmədiyi üçün arada soyuqluq yaranır:
“Təbii ki, ABŞ dünyanın super gücüdür və İsrailin dediyi ilə oturub-durası deyil. Eyni zamanda, Donald Tramp öz imicini qorumaq istəyir. Hakimiyyətə gəldikdən bəri artıq 8 müharibəni dayandırıb, dediyinə görə, Rusiya-Ukrayna müharibəsini də dayandırmaq ərəfəsindədir. Onun yenidən bir müharibəyə başlaması öz siyasətinin əksinə hərəkət etməsi deməkdir. Amma Tramp da öz şərtini irəli sürüb ki, əgər nüvə proqramını dayandırmasa, məcburən İranı vurmalı olacaq. Bu kontekstdə İsrail və ABŞ arasında müəyyən fikir ayrılıqları yaranıb. Məhz bu səbəbdən ABŞ-nin dövlət katibi Marko Rubio İsrailə planlaşdırılan səfəri təxirə saldı. Düşünürəm ki, bütün bunlar İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədardır və bu məsələlər çözüldükdən sonra Rubio yenidən İsrailə səfər edərək öz planlarını həyata keçirəcəklər”.
Ləman Sərraf






