media-inshot_20251211_132155142

ABŞ administrasiyası xarici vətəndaşlara ölkədə yaşamaq və sonradan vətəndaşlıq almaq imkanı verən “Trump Gold Card” (Tramp Qızıl Kartı) proqramını rəsmi olaraq istifadəyə verib. 

Patrul.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sahibkarlarla görüşü zamanı açıqlama verib.

Rəsmi məlumatlara görə, bu yeni proqram çərçivəsində əcnəbilər təxminən 1 milyon ABŞ dolları qarşılığında ABŞ-də daimi yaşayış icazəsi (green card) və daha sonra vətəndaşlıq almağa çıxış əldə edə biləcəklər.

ABŞ prezidenti Donald Tramp bu proqramı ölkəyə xarici yatırım və ixtisaslı işçi cəlb etmək, həmçinin dövlət büdcəsinə gəlir gətirmək məqsədilə hazırladıqlarını bildirib.

“Bu, həm mənim üçün, həm də ölkə üçün mühüm bir addımdır. Biz Trampın Qızıl Kartını işə salırıq. Bütün gəlirlər ABŞ hökumətinə yönləndiriləcək və bu, çox böyük vəsait gətirə bilər”, – Tramp qeyd edib.

Tramp açıqlamasında proqramı “yaşıl kartın daha təkmil versiyası” kimi xarakterizə edərək, onun ABŞ-də yaşamaq, işləmək və sonradan vətəndaşlıq əldə etmək imkanı verəcəyini bildirib. Prezidentin fikrincə, bu təşəbbüs ölkəyə daha çox zəhmətkeş və bacarıqlı insanları cəlb etməyə, həmçinin yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.

Qeyd edək ki, kartların xüsusi yaradılmış veb-sayt vasitəsilə satışa çıxarılacağı bildirilib. Proqram çərçivəsində bir “Qızıl Kart”ın qiyməti 1 milyon dollar təşkil edəcək.


Bənzər xəbərlər