media-photo-output

İnsanlar bəzən doğum zamanı verilmiş ad və ya soyadı bəyənmədiklərinə görə dəyişmək istəyirlər. Bəziləri isə uzun və mürəkkəb adlarını qısaltmaq, daha sadə formaya salmaq arzusunda olur. Lakin bu proses rəsmi sənədlərin və hüquqi qaydaların qorunması baxımından müəyyən çətinliklər və tələblərlə müşayiət olunur.

Bəs Azərbaycan qanunvericiliyinə əsasən ad və soyadın dəyişdirilməsi üçün hansı addımlar atılmalıdır və bu proses nə dərəcədə mürəkkəbdir?

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, adın, ata adının və soyadın dəyişdirilməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənən və 18 yaşdan sonra rəsmi ərizə, tələb olunan sənədlər və dövlət rüsumu əsasında həyata keçirilən hüquqi prosedurdur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının hüquq sistemində şəxsin özünüidentifikasiya hüququnun mühüm tərkib hissəsi olan adın, ata adının və soyadın dəyişdirilməsi xüsusi qaydalarla tənzimlənir. Bu prosesin əsasını Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təşkil edir.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilir. Bu hüquqdan istifadə etmək istəyən şəxslər qeydiyyatda olduqları qeydiyyat şöbəsinə, xaricdə daimi və ya uzunmüddətli yaşayan vətəndaşlar isə konsulluq idarələrinə rəsmi ərizə ilə müraciət etməlidirlər.

Müraciət zamanı təqdim edilən ərizədə şəxsin mövcud və seçmək istədiyi yeni ad, ata adı və soyadla yanaşı, dəyişiklik səbəbi, ailə vəziyyəti, övladları və hərbi qeydiyyatı barədə ətraflı məlumatlar göstərilməlidir. Ərizəyə doğum, nikah və ya nikahın pozulması haqqında şəhadətnamələr, yetkinlik yaşına çatmayan övladların sənədləri, şəxsiyyətini təsdiq edən sənədin surəti, hərbi bilet və fotoşəkillər əlavə edilir.

Müasir rəqəmsal idarəçilik prinsiplərinə uyğun olaraq, əgər bu sənədlər barədə məlumatlar elektron informasiya sistemlərindən əldə edilə bilirsə, vətəndaşdan onların kağız daşıyıcıda təqdim edilməsi tələb olunmur. Prosedurun mühüm mərhələlərindən biri də dövlət rüsumunun ödənilməsidir.

Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən cinayət təqibi altında olan, şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilən, eləcə də götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxslərə ad və soyadın dəyişdirilməsinə icazə verilmir.

Müraciət daxil olduqdan sonra qeydiyyat orqanı zəruri akt qeydlərini əldə edir və şəxsin istintaqdan və ya məhkəmədən yayınma ehtimalını yoxlamaq məqsədilə sənədləri daxili işlər orqanlarına göndərir. Polis orqanı 15 gün müddətində yoxlamanın nəticələri barədə rəy təqdim etməlidir.

Yoxlamaların nəticəsi müsbət olduqda qeydiyyat şöbəsi və ya konsulluq idarəsi adın və soyadın dəyişdirilməsinin mümkünlüyü barədə rəsmi rəy tərtib edir. Dəyişiklik qeydə alındıqdan sonra vətəndaşa müvafiq şəhadətnamə verilir və bu barədə daxili işlər, hərbi qeydiyyat və miqrasiya orqanlarına elektron qaydada məlumat ötürülür.

Xüsusi olaraq vurğulanır ki, atanın öz adını dəyişdirməsi onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adının avtomatik dəyişdirilməsinə səbəb olur. Adın, ata adının və soyadın dəyişdirilməsi prosesi başa çatdıqdan sonra isə şəxsiyyət vəsiqəsinin və digər rəsmi sənədlərin yenilənməsi qanunla müəyyən edilmiş zəruri tələblər sırasındadır.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər