Ağlamaq həmişə rahatladırmı? - MARAQLI FAKTLAR
Uzun illərdir bizə öyrədilən sadə bir fikir var: “Ağla, rahatlaşarsan.” Sanki göz yaşı daxili təzyiqi buraxan təhlükəsizlik klapanıdır. Amma “Collabra: Psychology” jurnalında dərc olunan son araşdırma göstərir ki, bu yanaşma o qədər də düzxətli deyil. Ağlamaq bəzən insanı yüngülləşdirir, bəzən isə əksinə, daha da ağırlaşdırır. Fərqi yaradan isə göz yaşının özü yox, onun arxasındakı səbəb və baş verdiyi mühitdir.
Patrul.az mövzu ilə bağlı araşdırma edib.
İnsan emosiyaları sadə mexanizm deyil ki, bir düyməyə basasan və nəticə həmişə eyni olsun. Ağlamaq da bu qaydadan kənarda qalmır. Məsələn, uzun müddət içində yığılıb qalan kədər, itki və ya dərin şəxsi ağrı ilə bağlı göz yaşları çox vaxt rahatladıcı təsir göstərir. Bu, təsadüfi deyil. Belə hallarda ağlamaq sadəcə emosiyanı boşaltmaq yox, onu qəbul etməyin bir hissəsinə çevrilir. İnsan reallıqla üzləşir, onu inkar etməkdən imtina edir və bu prosesin içində tədricən sakitləşir. Əgər bu anlarda insan özünü təhlükəsiz hiss edirsə, məsələn, yanında anlayışlı biri varsa və ya ən azı tənqid olunmayacağını bilirsə, ağlamaq həqiqətən bir növ daxili yüngüllük gətirir.
Araşdırmanın diqqət çəkən bir tərəfi də var. Ağlamaq çox vaxt yanlış kontekstdə baş verir və o zaman göz yaşı faydadan çox zərər gətirir. Təsəvvür edin, insan mübahisə zamanı ağlayır, qarşı tərəf bunu zəiflik kimi görür və ya onu daha da sıxışdırır. Bu vəziyyətdə ağlamaq nə rahatlıq gətirir, nə də problemi həll edir. Əksinə, insan özünü nəzarəti itirmiş kimi hiss edir, üstəlik buna utanc və özünütənqid də əlavə olunur. Eyni şey ictimai mühitdə və ya anlaşılmadığın bir anda ağlayanda da baş verir, yəni emosional yük azalmaq əvəzinə ikiqat artır.
Burada əsas məsələ çox sadə, amma tez-tez gözdən qaçan bir həqiqətdir: beyin emosiyanı təkcə “hiss” kimi yox, həm də “vəziyyət” kimi qəbul edir. Yəni göz yaşı təkbaşına heç bir məna daşımır. O, hansı şəraitdə baş verdiyinə görə məna qazanır. Sevən və anlayan birinin yanında ağlamaqla, səni mühakimə edən birinin qarşısında ağlamaq eyni şey deyil. Birində bu, rahatlama və qəbul prosesidir, digərində isə əlavə stress və gərginlik mənbəyidir.
Ona görə də “ağla, keçər” kimi məsləhətlər bir az sadəlövh səslənir. Bəli, bəzən keçir. Amma hər dəfə yox. Əgər ağladıqdan sonra insan özünü daha sakit, daha aydın düşünə bilən və vəziyyətə bir az daha uzaqdan baxa bilən hiss edirsə, deməli, bu proses faydalı olub. Yox əgər ağladıqdan sonra eyni fikirlər təkrar-təkrar qayıdırsa, üstəlik insan özünü daha zəif və çıxılmaz vəziyyətdə hiss edirsə, bu artıq emosiyanın emal olunmadığını göstərir.
Bir sözlə, insan bəzən ağlayaraq sağalır, bəzən isə sadəcə ağlayır. Aradakı fərqi yaradan isə emosiyanın özü yox, onun necə yaşandığıdır.
Ləman Sərraf






