media-inshot_20251015_134924441

 Azərbaycanda son aylarda yeniyetmələrin törətdiyi cinayət və zorakılıq halları artmaqdadır. Bu vəziyyət həm ailələri, həm də cəmiyyəti ciddi narahat edir. Məsələnin yalnız sosial deyil, həm də psixoloji tərəflərinin olduğu diqqət çəkir.

Bəs, yeniyetmələr arasında zorakılıq və aqressiv davranışların kökündə hansı psixoloji problemlər dayanır?

Bu barədə uzman psixoloq-psixoterapevt, Qərbi Kaspi Universiteti “Psixologiya və Sosial iş” kafedrasının müəllimi, ⁠Bakı Psixologiya Mərkəzinin psixoloqu, Türkiyənin “Evimdeki Psikolog” platformasının eksperti, Səbinə Bayramova Patrulaz.az-a açıqlamasında bildirib ki, yeniyetməlik dövrü uşaqlar üçün həssas bir mərhələdir və bu dövrdə onlar psixoloji risklərlə qarşılaşa bilirlər. Onun sözlərinə görə, bu risklərə ailədaxili münasibətlər və ətraf mühit də təsir göstərir, nəticədə yeniyetmələrin formalaşması müəyyən dərəcədə dəyişir:

“Yeniyetməlik dövrü insan həyatında fiziki, emosional və sosial dəyişikliklərin eyni anda baş verdiyi mürəkkəb bir inkişaf mərhələsidir. Özünü dərk etmə, mənlik şüurunun güclənməsi və kimlik axtarışı bu dövrün əsas psixoloji göstəricilərindəndir. “Mən kiməm?”, “Haraya aidəm?”, “Nə üçün varam?” kimi suallar onların daxili dünyasında dərin izlər buraxır və və davranışlarına təsir göstərir. Bu dövr, bir tərəfdən potensialın üzə çıxdığı, digər tərəfdən isə psixoloji risklərin artdığı həssas bir mərhələdir.

Son zamanlar Azərbaycanda yeniyetmələrin iştirakı ilə baş verən cinayət hallarının artması cəmiyyətin psixoloji və sosial strukturlarında baş verən dərin dəyişikliklərin göstəricisidir. Bu tendensiyanın kökündə bir sıra psixoloji faktorlar dayanır ki, onların başında identifikasiya böhranı (kimlik böhranı), ailədaxili emosional travmalar, empatiya çatışmazlığı və sosial mühitin təsiri gəlir”.

Psixoloqun sözlərinə görə, ailəsindən istilik görməyən yeniyetmələrdə travmatik hallar yaşanır və bundan sonra daha çox zorakıllığa meyilli olurlar:

“Eriksonun psixososial inkişaf nəzəriyyəsinə əsasən, bu dövrdə gənclər “mən kiməm?” sualına cavab axtarır və bu cavabı tapa bilmədikdə, özünü ifadə etmək üçün bəzən aqressiv və destruktiv (dağıdıcı) davranışlara yönəlirlər. Ailədə sevgi və dəstək görməyən, fiziki və ya psixoloji zorakılığa məruz qalan, yaxud valideyn diqqətindən kənarda qalan yeniyetmələr, bu travmatik təcrübələri sosial münasibətlərdə təkrarlayaraq müxtəlif formalarda zorakılıq nümayiş etdirə bilərlər. Bu zorakılıq, həmyaşıdlarına qarşı psixoloji təzyiq, alçaltma, sosial təcrid yaratma, kiberzorakılıq və emosional manipulyasiya kimi davranışları da əhatə edə bilər.

Bu cür davranışlar, yeniyetmənin həm özünü qoruma instinktindən, həm də cəmiyyət içində görünən və qəbul olunan biri olma ehtiyacından qaynaqlanır. Başqa sözlə, gənc öz ağrısını başqasına ötürməklə həm daxili gərginliyini boşaltmağa çalışır, həm də “güclü” obrazı ilə sosial status qazanmaq istəyir.

Empatiya bacarığının formalaşmaması da yeniyetmələr arasında zorakılığın yayılmasında mühüm rol oynayır. Empatiya, yəni başqasının hisslərini anlama və paylaşma qabiliyyəti sosial münasibətlərin sağlam qurulmasında əsas şərtdir. Beynəlxalq tədqiqatlar göstərir ki, empatiya səviyyəsi aşağı olan yeniyetmələrdə zorakı davranışlara meyl daha yüksək olur. Məsələn, ABŞ-də həyata keçirilmiş uzunmüddətli müşahidəyə əsaslanan, yəni longitudinal bir araşdırmada (Eisenberg et al., 2006) empatiya bacarığı güclü olan gənclərin sosial adaptasiyası daha yüksək, zorakılıq göstəriciləri isə daha aşağı olmuşdur”.

media-img_8430

S.Bayramova yeniyetmələrin zorakılıq hallarının qarşısını almaq üçün psixoloji dəstək, ailə və məktəb mühitində emosional təhlükəsizlik və empatiya bacarıqlarının inkişafının vacibliyini də vurğulayıb:

“Sosial mühitin, xüsusilə məktəb və virtual aləmin təsiri də danılmazdır. Məktəbdəki rəqabət, müəllimlərin diqqətsizliyi, həmyaşıdlar arasında təhqir və lağ, eləcə də sosial şəbəkələrdə zorakı kontentin yayılması gəncləri təsir altına salır. Zorakılıq bu mühitlərdə bəzən “güc nümayişi” kimi təqdim olunur və sosial status qazanmaq vasitəsinə çevrilir. Kanada Psixoloji Assosiasiyasının 2021-ci ildə yayımladığı hesabatda qeyd olunur ki, sosial mediada zorakı kontentə məruz qalan yeniyetmələrin real həyatda zorakılıq törətmə ehtimalı iki dəfə artır.

Bu halların qarşısını almaq üçün psixoloji dəstək sistemlərinin gücləndirilməsi, ailə və məktəb mühitində emosional təhlükəsizliyin təmin olunması, empatiya və sosial bacarıqların inkişaf etdirilməsi vacibdir. Bununla yanaşı, yeniyetmələrin psixoloji rifahını təmin etmək məqsədilə yalnız ümumi maarifləndirmə tədbirləri kifayət etmir. Zərurət yarandıqda, ailələr professional psixoloji dəstək almalıdırlar. Bu dəstək fərdi yeniyetmə konsultasiyası, valideyn konsultasiyası və ya ailə konsultasiyası formatında təşkil oluna bilər.

Fərdi yeniyetmə konsultasiyası gəncin daxili dünyasını, emosional ehtiyaclarını və davranış motivlərini anlamağa kömək edir. Valideyn konsultasiyası isə ailənin tərbiyə üsullarını, kommunikasiya stilini və emosional münasibət formasını nəzərdən keçirərək daha sağlam yanaşmaların formalaşmasına şərait yaradır. Ailə konsultasiyası isə bütövlükdə ailə dinamikasını gücləndirir, qarşılıqlı anlaşmanı artırır və yeniyetmənin sosial-emosional inkişafını dəstəkləyən mühitin qurulmasına xidmət edir.

Nəticə etibarilə, yeniyetmələr arasında zorakılıq hallarının artması dərin psixoloji kökləri olan bir çağırışdır. Bu çağırışa cavab vermək üçün biz – psixoloqlar, pedaqoqlar, valideynlər və cəmiyyət olaraq yeniyetmələrin səsini eşitməli, onların daxili dünyasına körpü salmalı və ehtiyac duyduqları emosional təhlükəsizliyi təmin etməliyik. Gələcəyimizi formalaşdıracaq gənclərə bu gün göstərdiyimiz diqqət, sabahın daha təhlükəsiz və anlayışlı cəmiyyətinin təməlini qoyacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər