media-b7d86727-ffd0-4a15-81ab-d3ed27e91258

Azərbaycanda aliment pulunun miqdarı qanunvericiliklə tənzimlənir və əsas məqsəd uşağın (bəzən də aliment almaq hüququ olan digər şəxsin) normal həyat şəraitinin təmin edilməsidir. 

Patrul.az-ın araşdırmasına görə, alimentin məbləği müəyyən edilərkən həm öhdəlik daşıyan şəxsin gəlirləri, həm də aliment alan tərəfin ehtiyacları nəzərə alınır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment əsasən məhkəmə qaydasında təyin olunur. Ən geniş yayılmış hal valideynlərin ayrılmasından sonra uşağın saxlanması üçün aliment ödənilməsidir. Bu zaman aliment ödəyən valideynin rəsmi gəliri əsas götürülür. Qanuna görə, bir uşaq üçün valideynin aylıq gəlirinin dörddə biri (25 faizi), iki uşaq üçün üçdə biri (33 faizi), üç və daha çox uşaq üçün isə yarısı (50 faizi) aliment kimi tutulur.

Əgər aliment ödəməli olan şəxsin rəsmi əməkhaqqı və ya sabit gəliri yoxdursa, məhkəmə alimenti sabit pul məbləği şəklində müəyyən edə bilər. Bu zaman yaşayış minimumu, uşağın yaşı, sağlamlıq durumu, təhsil xərcləri və valideynin maddi imkanları nəzərə alınır. Yəni “işim yoxdur” demək aliment ödəməkdən yayınmaq üçün əsas sayılmır.

Bəzi hallarda aliment yalnız uşağa deyil, keçmiş həyat yoldaşına da təyin oluna bilər. Məsələn, hamilə qadınlara, 3 yaşınadək uşağa baxan analara, əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvada aliment ödənilməsi mümkündür. Bu halda da məbləğ konkret faizlə deyil, məhkəmənin qərarı ilə müəyyən edilir.

Qanunvericilik həmçinin alimentin artırılması və ya azaldılması imkanını da tanıyır. Əgər aliment ödəyən şəxsin gəliri azalıbsa və ya aliment alan tərəfin ehtiyacları artıbsa, tərəflər məhkəməyə müraciət edərək məbləğin yenidən hesablanmasını tələb edə bilərlər. Uşağın ağır xəstəliyi, təhsil xərclərinin artması kimi hallar alimentin artırılması üçün əsas ola bilər.

Bir sözlə, Azərbaycanda alimentin miqdarı “hamı üçün eyni rəqəm” prinsipi ilə deyil, ədalət və sosial məsuliyyət  prinsipi ilə hesablanır. Məqsəd valideynlər ayrılsa belə, uşağın həyat keyfiyyətinin aşağı düşməməsi və onun hüquqlarının qorunmasıdır.

Ləman Sərraf


Bənzər xəbərlər