media-inshot_20260521_102300916

Alkoqol asılılığı həmişə ağır sərxoşluqla başlamır. Ən təhlükəlisi isə odur ki, insan çox vaxt asılılığın formalaşdığını uzun müddət hiss etmir.

Patrul.az-ın məlumatına görə, psixiatr-narkoloq Yuliya Perminova “RİA Novosti”yə açıqlamasında bildirib ki, heç bir xüsusi səbəb olmadan təkbaşına içki içmək istəyi artıq xəbərdaredici siqnallardan biri hesab olunur. Onun sözlərinə görə, alkoqol asılılığının bəzi əlamətləri yalnız mütəxəssis tərəfindən müəyyən edilsə də, bir çox dəyişiklikləri insan özü də müşahidə edə bilər.

Mütəxəssis qeyd edir ki, əvvəllə müqayisədə daha tez-tez içməyə başlamaq, içmək üçün yeni bəhanələr tapmaq və ya sadəcə alkoqol haqqında düşünəndə əhvalın yaxşılaşması belə risk əlaməti sayılır. Xüsusilə də “bir qədəhlə kifayətlənməyim” düşüncəsi yaranırsa və insan içməyə davam etmək istəyirsə, bu artıq psixoloji bağlılığın formalaşmağa başladığını göstərə bilər.

Psixoloqlar və narkoloqlar bildirirlər ki, alkoqolun təhlükəsi yalnız çox içməkdə deyil, onun emosional dayaq vasitəsinə çevrilməsindədir. İnsan stress, yorğunluq, təklik və ya daxili narahatlıq zamanı davamlı şəkildə içkiyə yönəlirsə, beyin tədricən bunu “çıxış yolu” kimi qəbul etməyə başlayır. Bir müddətdən sonra isə eyni rahatlıq hissini almaq üçün daha çox spirt tələb olunur.

Ekspertlərin fikrincə, asılılığın ilk mərhələləri çox vaxt gözə çarpmır. İnsan işinə gedir, sosial həyatını davam etdirir və özünü “normal içən” biri hesab edir. Amma bu dövrdə artıq müəyyən dəyişikliklər başlayır: emosional reaksiyalar fərqlənir, əsəbilik artır, yaddaş zəifliyi yaranır, sərxoş halda kiçik travmalar çoxalır. Bəzən insan sonradan harada olduğunu və ya nə etdiyini tam xatırlamır.

Mütəxəssislər bildirirlər ki, üç və ya daha çox belə əlamət müşahidə olunursa, həkimə müraciət etmək vacibdir. Çünki alkoqol asılılığı yalnız iradə zəifliyi deyil, həm psixoloji, həm də fizioloji mexanizmlərlə bağlı tibbi problemdir.

Diqqət çəkən məqamlardan biri də odur ki, məişət səviyyəsində asılılıq düşündüyündən daha sürətli inkişaf edə bilər. Ekspertlərin sözlərinə görə, hətta az miqdarda spirtli içkinin mütəmadi istifadəsi bir il ərzində orqanizmdə asılılıq mexanizmlərini formalaşdırmağa başlaya bilər. Bu mərhələdə insan hələ güclü fiziki ehtiyac hiss etməsə də, alkoqol artıq beyinə, qaraciyərə, ürək-damar sisteminə və sinir sisteminə təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, ən vacib addım problemi yalnız ağır mərhələdə deyil, ilk siqnallarda görməkdir. Çünki asılılıq çox vaxt “mən istəsəm, dayandıraram” düşüncəsinin arxasında səssizcə inkişaf edir.

Ləman Sərraf


Bənzər xəbərlər