Allergiya artımı: Nədən qorunmalı və necə diqqət etməli?
Son illərdə allergiya hallarının sayında nəzərəçarpacaq artım müşahidə olunur. Həkimlər və mütəxəssislər bu vəziyyətə diqqət çəkir və allergiyası olan şəxslərin gündəlik həyatlarında müəyyən ehtiyat tədbirlərinə əməl etmələrinin vacibliyini vurğulayırlar.
Bəs allergiyası olan insanlar gündəlik həyatlarında nələrə diqqət etməlidirlər?
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, ekoloji problemlər insan sağlamlığı üçün ciddi təhlükə yaradır:
“Təəssüf ki, insan bədənində baş verən proseslər tamamilə normal deyil. Bunun səbəbi dünyada ekologiyanın çirklənməsi, anti-insani və anti-təbiət amillərin mövcudluğudur. Dünyanı bu vəziyyətə gətirən məhz bu proseslərdir və nəticədə insan müxtəlif patoloji hallara məruz qalır”.
Həkimlərin sözlərinə görə, allergiya müxtəlif səbəblərdən yaranır və reaksiyalar ləng və sürətli tiplərdə özünü göstərir:
“Allergiya insan bədəninin bəzi daxili və ya xarici agentlərə qarşı verdiyi həssaslıq reaksiyasıdır və bu reaksiyalar çox müxtəlif ola bilər. Gedişatına görə allergik reaksiyalar ya ləng, ya da sürətli tipdə olur. Ləng tip reaksiyalar bir neçə saatdan bir neçə günədək gecikmə ilə ortaya çıxır. Sürətli tip reaksiyalar isə çox qısa müddətdə, bəzən bir neçə dəqiqə ərzində baş verir və ağır hallarda bronxların daralmasına, hətta nəfəs almaqda çətinliyə səbəb ola bilər. Allergiyanın çoxsaylı növləri mövcuddur və səbəbləri arasında ekologiya, keyfiyyətsiz qidalar, içməli su, müxtəlif içkilər, siqaret və bəzi insanların genetik meyilləri dayanır”.
Cəmilə Cəfərzadə






