"Amerika ilə Rusiyanın eyni mövqedən çıxış etməsi Avropanı narahat edir”- POLİTOLOQ
“Putin ilə Trampın görüşü üfüqdə görünür, yəni belə bir perespektiv var. Artıq Vaşinqton ilə Moskva arasında təmaslar mövcuddur və əsas məsələ Ukrayna hərbi kampaniyasının dayandırılmasıdır. Bu istiqamətdə Avropanın düşünülməmiş yanaşması olduqca təəccüblüdür. Çünki sirr deyil ki, bir neçə ildir davam edən Rusiya-Ukrayna qarşıdurmasında Amerikanın böyük rolu var idi. Bayden hakimiyyəti dövründə Amerika bir çox hallarda vədlər verir, əməli kömək göstərməkdə isə ləng tərpənirdi. Buna baxmayaraq, Amerika yardım kampaniyasının ön sıralarında yer tuturdu. Avropa isə birbaşa olaraq bundan sui-istifadə edirdi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Zelenski ilə Trampın Ağ Evdə baş tutan gərgin görüşü, mübahisələri və Zelenskinin oranı tərk etməsi Avropanı təşvişə salıb: “İndi isə Britaniyanın baş naziri sözügedən münaqişədə kapitanlığı öz üzərinə götürərək, Ukraynanı tək buraxmayacaqlarını bildirir. Burada vacib məsələlərdən biri odur ki, Avropa Amerikanın yedəyində getməyə hazırlaşır.
Hazırda Amerikanın tələbi odur ki, Kiyev onlardan üzr istəsin. Lakin bu baş tutsa belə, Amerikanın yenidən böyük yardımlar vəd edəcəyini düşünmürəm. Çünki ABŞ xərclədi pulun müqabilində Ukraynadan öz payını almaq istəyir. Tramp birmənalı şəkildə müharibənin dayanmalı olduğunu bildirir və bu istiqamətdə də öz hərbi dəstəyini kəsərək sülh sazişinin sürətlənməsinə özünəməxsus töhfə vermiş olur. Zənnimcə, Tramp dediyindən dönməyəcək və Rusiya da bunda maraqlıdır.
Son iki əsrə diqqət yetirsək, Rusiya ilə Amerika birləşdikdə hər zaman Avropa təşvişə düşüb. Bu səbəbdən də I və II dünya müharibələrində də Avropa çalışırdı ki, Amerika kənarda qalmasın və Rusiya ilə yaxınlaşmasın. Buna görə də Amerika ilə Rusiyanın yenidən eyni mövqedən çıxış etməsi Avropanı narahat edir”.
Səbinə Hüseynli






