Ankarada qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı - FOTOLAR
Liviya Baş Qərargah rəisi və dörd yüksək rütbəli hərbi məmurun olduğu təyyarə Ankarada qəzaya uğrayıb.
Patrul.az xəbər verir ki, hadisə ötən gün, gecə saatlarında Ankaranın Haymana rayonunda baş verib.
Məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıqla üzləşib. Pilotun elektrik sistemi ilə bağlı problem yarandığını idarəetmə qülləsinə bildirdiyi qeyd olunur. Bundan sonra təyyarənin geri dönərək təcili eniş etməsi üçün icazə istədiyi, lakin sonra radar əlaqəsinin tamamilə kəsildiyi açıqlanıb.
Təyyarənin göyərtəsində Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla ümumilikdə səkkiz nəfərin olduğu bildirilib.
Liviyadan verilən rəsmi məlumata əsasən, qəzaya uğrayan hava gəmisi Liviyaya məxsus deyil, icarəyə götürülmüş təyyarə olub.
Hazırda Türkiyə Jandarma qüvvələri hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə təyyarənin “qara qutu”su və səs yazıcısının tapıldığını açıqlayıb.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq Ankara Baş Prokurorluğu tərəfindən təyin edilən dörd dövlət prokuroru tərəfindən aparılır.
Gülbəniz Səfərova






