“Aqrar sektor düşünülmüş iş tələb edir” – DEPUTAT
“Aqrar sektor iqtisadiyyatımızın əsas sahələrindəndir və kənd təsərrüfatının inkişafı ölkə başçısının daim diqqət mərkəzindədir. Bu sahədə son illər çox mühüm dövlət proqramlarının layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının inkişafını təmin edib. Bunun nəticəsidir ki, illər keçdikcə mühüm sahələrdə kənd təsərrüfatı məhsullarının artımı hiss olunur. Ötən il də həyata keçirilən tədbirlər nəticəsində bir çox sahələrdə uğurlar əldə olunmuşdur. Nəzərə almalıyıq ki, ölkə əhalisinin 49 faizi kəndlərdə yaşayır və onların əksəriyyəti bilavasitə aqrar sektor və sahibkarlıqla məşğuldur. Bununla da kənd təsərrüfatının ölkədəki mühüm əhəmiyyətini görərik”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib

Deputat bildirib ki, aqrar sektor daim islahatlara möhtacdır: “Çünki bu sahənin inkişafı təkcə zəhmətə bağlı deyil, həm də təbii şərait və iqlim dəyişmələrindən asılıdır. Ancaq bu sahədə bir çox mütərəqqi tədbirlərin həyata keçirilməsi sahənin inkişafında özünü göstərir.
Aqrar sektorun inkişafı ilə bağlı qarşıya mühüm məqsədlər qoyulub və bütün bunlar sistemli şəkildə həyata keçirilir. İlk olaraq torpaqlardan səmərəli istifadə edilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyanın tətbiqi, fermer təsərrüfatlarının yaradılması olduqca önəmlidir. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi də son illərdə cidi şəkildə həyata keçirilir. Həmçinin kiçik və orta sahibkarlığın inkişafına da xüsusi diqqət ayrılır.
Eyni zamanda su ehtiyyatlarından səmərəli istifadə edilməsi aqrar sahənin inkişafında mühüm rola sahibdir. Dünyada iqlim dəyişiklikləri ilə bağlı baş verən hadisələrlə əlaqədar su qıtlığı hökm sürür. Belə bir şəraitdə də yay aylarında kənd təsərrüfatı su ilə bağlı ciddi problemlər yaşayır. Ölkə rəhbərinin tapşırığı ilə artıq bir çox su anbarları yaradılması nəzərdə tutulub, kənd təsərrüfatının su ilə təmin edilməsi ildən-ilə yaxşılaşır. Qarşıda duran məqsədlərdən biri də sudan qənaətlə istifadə edilməsidir. Kənd təsərrüfatının inkişafı kadr hazırlığı, kadrlarından məhsuliyyətli işi ilə də sıx bağlıdır.
Azərbaycan torpaqları uzun müddət işğal altında qalıb və əkin dövriyyəsinə daxil edilməyib. Bunun nəticəsində həmin torpaqlar müəyyən dərəcədə yararsız hala düşüb. 44 günlük müharibədə qazandığımız qələbədən sonra həmin torpaqlarımız yenidən əkin dövriyyəsinə daxil edildi, bu istiqamətdə mühüm işlər görülür. Artıq son bir neçə ildə 100 min hektar ərazidə kənd təsərrüfatı məhsulları yerləşdirilir və statistik məlumatlara görə, minalardan təmizlənmiş 600 min hektar torpaq sahəsi yararlı hala salınaraq əkin dövriyyəsinə daxil ediləcək.
Aqrar sektor düşünülmüş iş tələb edir. Günün reallıqlarını qiymətləndirmək, texniki tədbirləri həyata keçirməsi günün vacib tələbədir. Sahibkarlar da bu sahədə fəaliyyətlərini artırmalıdırlar”.






