Argentinada hökumət əleyhinə etirazlar davam edir
Argentinada həmkarlar ittifaqları, müxtəlif qeyri-hökumət təşkilatları və futbol komandası azarkeşlərinin dəstəklədiyi hökumət əleyhinə etirazlarda 20 nəfər yaralanıb, 103 nəfər saxlanılıb. Nümayişçilər yaşayış şəraitinin, xüsusən də pensiyaların yaxşılaşdırılmasını tələb edirlər.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Buenos-Ayresdəki Konqres Meydanına toplaşan yüzlərlə nümayişçi təhlükəsizlik qüvvələri ilə toqquşub.
Polisin bibər qazı və təzyiqli su ilə müdaxilə etdiyi hadisələrdə 1-i ağır olmaqla 20 nəfər yaralanıb, 103 nəfər saxlanılıb.
Nümayişçilər daşıdıqları plakat və pankartlarla yaşayış şəraitinin, xüsusən də pensiyaların yaxşılaşdırılmasını tələb ediblər.
Prezident Javier Mileinin iqtisadi siyasətlərinə reaksiya verən həmkarlar ittifaqları tələblərinin yerinə yetirilməməsi halında etirazların intensivliyini artıracaqlarını bildiriblər.
Bu arada argentinalı fotojurnalist Pablo Qrillo etirazları işıqlandırarkən başına qaz balonunun dəyməsi nəticəsində ağır yaralanıb. Qrillonun müalicəsinin xəstəxanada davam etdiyi bildirilib.
Milli təhlükəsizlik naziri Patrisiya Bullriç mətbuata açıqlamasında ictimai əmlaka ziyan vuran fəallara qarşı sərt tədbirlər görəcəklərini bildirib.
Sosial mediada paylaşılan görüntülərdə çoxlu avtomobilin aşdığı, ictimai əmlakın dağıdıldığı görülüb.
Qeyd edək ki, Argentinada pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65-dir və təxminən 7,4 milyon pensiyaçı ümumi əhalinin 15,7 faizini təşkil edir.