ATƏT və Azərbaycan arasında baş tutacaq görüş: “ATƏT sülh prosesində əsas rolunu itirmək istəmir” – Ağ Partiya sözçüsü
Bu gün ATƏT-in baş katibi Feridun Siniroğlunun Azərbaycana səfəri baş tutacaq. Azərbaycan ATƏT-in üzvü olaraq bu təşkilatla bir sıra sahələrdə əməkdaşlıq edir. Təşkilat, xüsusilə, Cənubi Qafqaz bölgəsindəki münaqişələrin həllinə, həmçinin regional təhlükəsizlik məsələlərinə dair Azərbaycanla əməkdaşlıq edir.
Bu gün Feridun Siniroğlunun da Azərbaycana səfəri, xüsusilə, ATƏT-in Azərbaycanın regional təhlükəsizlik məsələlərindəki rolunu və daha geniş siyasi məsələləri müzakirə etmək məqsədini daşıyır.
Beynəlxalq təşkilat olan ATƏT-lə Azərbaycan arasındakı mövcud münasibətlər və baş katib Feridun Siniroğlunun Bakıya səfəri zamanı müzakirə olunacaq əsas məsələlər barədə Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Patrulaz.az-a açıqlamasında öz fikrini bölüşdü:
“Azərbaycan bütün beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Təbii ki, ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən təşkilatlara isə hər zaman yerini göstərib və göstərməkdədir. Azərbaycan-ATƏT əlaqələri təbii ki, bu qurumun Minsk qrupu çərçivəsində daha çox yaxın olub”.
Siyasi şərhçinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll etməli olduğu məsələni 44 gün ərzində Azərbaycan ordusu həll etdi:
“Minsk qrupunun da keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəaliyyət hamımıza bəllidir. Bacarıqsızlığının sonunda qəhrəman Azərbaycan ordusu onların həll etməli olduğu məsələni 44 günə həll etdi. Amma bununla belə ATƏT nüfuzlu beynəlxalq təşkilatlardan biridir və rəsmi Bakı bunu çox yaxşı anlayır. Onun üçün də bu təşkilatla da yaxından əməkdaşlığa böyük önəm verir. Bu baxımdan ATƏT-in baş katibinin Azərbaycan səfərini mühüm hesab etmək olar. Unutmayaq ki, Azərbaycanın müstəqil ölkə kimi ilk üzv olduğu təşkilat ATƏT-dir. Əvvəllər ATƏM (1995-ci ildən ATƏT adlanır) adlanan quruma ölkəmiz 1992-ci ildə üzv kimi qəbul olunub. I Qarabağ savaşından sonra Azərbaycan – ATƏT əlaqələri iki istiqamətdə davam etdi: Həm Azərbaycan – ATƏT əlaqələri çərçivəsində, həm də ATƏT-in Minsk qrupu çərçivəsində… ATƏT Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu və lider ölkə olmasını qəbul edir. Bunun üçün də Azərbaycanla yaxın münasibətlərə önəm verir. Doğrudur, bəzi hallarda Azərbaycanı üzən əleyhimizə qərəzli qərarlar da çıxarır. Amma bununla belə rəsmi Bakı heç vaxt ATƏT-dən imtina etməyib və layiqli cavabını da verib”.
C. Abbaslı Bakıda müzakirə olunmalı məsələlərlə bağlı təxminlərini də bölüşdü:
“Heç şübhəsiz ki, əsas müzakirə olunmalı məsələlər sırasında Azərbaycanla Ermənistan arasında bağlanmalı olan sülh müqaviləsi öndə gələcək. ATƏT bu məsələdə hələ də əsas rol oynamaq funksiyasını itirmək istəmir. Bunun üçün də öz cəhdlərini edir. Təbii ki, biz də qəbul edirik ki, sülh müqaviləsi ATƏT-in Minsk qrupuna üzv ölkələrin iştirakı ilə imzalanacaq. Azərbaycan təbii ki, Minsk qrupunu zibil yeşiyinə atıb. Amma istənilən halda ad rəsmi mövcudluğunu qoruyur.
Digər müzakirə mövzusu Ukrayna savaşı olacaq. Azərbaycana Ukraynaya etdiyi humanitar yardıma görə təşəkkür ediləcək. Bundan sonra bu tipli yardımların davam etdirilməsi xahişi olunacaq. Eyni zamanda, Rusiya-Ukrayna arasında sülhün əldə olunması üçün rəsmi Bakının əlində olan imkanlardan istifadə etməsi rica ediləcək. İqtisadi məsələlərin müzakirəsi də masa üzərində olacaq”.
ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. ATƏT 57 üzv dövlətdən ibarət olan beynəlxalq bir təşkilatdır və əsas məqsədi Avropada təhlükəsizliyin qorunması, münaqişələrin həlli, insan hüquqları, demokratiya və azad seçkilərin təşviqidir. Ağ Partiya sözçüsünün də qeyd etdiyi kimi, sözügedən səfər zamanı Azərbaycan – Ermənistan arasında sülh müqaviləsinin perspektivləri əsas müzakirə mövzusu olacaq və ATƏT bu prosesdə hələ də rol oynamaq niyyətindədir. Siyasi şərhçinin də bildirdiyi kimi, rəsmi Bakı Minsk qrupunun fəaliyyətsizliyinə görə onu faktiki olaraq rədd etsə də, qrupun adı hələ də rəsmi sənədlərdə qalır və sülh müqaviləsinin imzalanması zamanı üzv ölkələrin iştirakı gözlənilir.
Gülbəniz Səfərova