media-img-20260630-wa0072

Bankomatdan istifadə demək olar ki, hər kəsin gündəlik vərdişinə çevrilib. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, kartı daxil etməzdən əvvəl cəmi bir neçə saniyəlik diqqət mümkün dələduzluğun qarşısını ala bilər.

Patrul.az-ın araşdırmasına görə, ATM-dən istifadə edərkən ilk növbədə kartın daxil edildiyi hissəni diqqətlə yoxlamaq tövsiyə olunur. Çünki dələduzlar bəzən həmin hissəyə saxta kart oxuyucusu (skimmer) yerləşdirərək kartın məlumatlarını kopyalaya bilirlər. Bundan əlavə, PIN-kod daxil edilən klaviaturada və ya ekranın yuxarı hissəsində şübhəli kamera və ya əlavə qurğu olub-olmadığını da nəzərdən keçirmək vacibdir. Kart yuvası boş və ya qeyri-adi görünürsə, həmin bankomatdan istifadə etməmək məsləhətdir.

Bəs ATM-də saxta qurğunu necə müəyyən etmək olar və belə hallarla qarşılaşdıqda vətəndaş hansı addımları atmalıdır?

Kart məlumatlarının oğurlanması məqsədilə ATM-lərə quraşdırılan saxta qurğular “skimmer” adlanır. Bu cihazlar kartın maqnit zolağındakı məlumatları oxuyaraq dələduzların əlinə ötürə bilir. Əgər bununla yanaşı, PIN-kod da gizli kamera və ya saxta klaviatura vasitəsilə əldə edilərsə, kartdan qanunsuz pul çıxarılması riski yaranır.

Mütəxəssislər bildirirlər ki, bankomatdan istifadə etməzdən əvvəl kart yuvasını və klaviaturanı əllə yüngülcə yoxlamaq faydalıdır. Hissələr boş, tərpənən və ya sonradan əlavə olunmuş kimi görünürsə, həmin ATM-dən istifadə edilməməlidir. PIN-kodu daxil edərkən isə digər əllə klaviaturanı örtmək, yaxşı işıqlandırılan və bank filialının yaxınlığında yerləşən bankomatlara üstünlük vermək tövsiyə olunur.

Şübhəli qurğu ilə qarşılaşdıqda kartı istifadə etmədən bankın çağrı mərkəzinə və hüquq-mühafizə orqanlarına məlumat vermək vacibdir. Əgər kart məlumatlarının oğurlandığından şübhələnirsinizsə, kartı dərhal bloklatdırmaq və hesab üzrə əməliyyatları yoxlamaq tövsiyə edilir.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər