Onlayn satış zamanı saxta qəbz tələsi - Satıcı zərər çəkdiyini bildirir - FOTOLAR
Redaksiyamıza müraciət edən Bakı sakini Aynurə Sədirxanova onlayn satış zamanı saxta ödəniş qəbzi vasitəsilə dələduzluğa məruz qaldığını iddia edir.
Onun sözlərinə görə, iyunun 28-də bir nəfər geyim sifariş edərək ödənişi bank kartı vasitəsilə etdiyini bildirib və bununla bağlı ödəniş qəbzi təqdim edib. Daha sonra isə sifarişi ləğv etdiyini bildirərək ödənildiyi iddia olunan məbləğin geri qaytarılmasını istəyib. Satıcı təqdim olunan qəbzə inanaraq əvvəlcə 100 manatı həmin şəxsə geri köçürüb.
Zərərçəkmişin iddiasına görə, sonradan bu hadisədə ər-arvad olduğu ehtimal edilən iki nəfərin iştirak etdiyi məlum olub. Onun sözlərinə əsasən, həmin şəxslər eyni üsuldan istifadə edərək ümumilikdə 300 manatı ələ keçiriblər. Bildirilir ki, təqdim olunan ödəniş qəbzləri saxta olub və satıcının bank hesabına heç bir vəsait daxil olmayıb.
Şikayətçi bildirir ki, dəfələrlə qarşı tərəflə əlaqə saxlamağa cəhd etsə də, nəticə əldə edə bilməyib. Daha sonra isə həmin şəxslər onu bloklayıblar.
Patrul.az olaraq ümid edirik ki, aidiyyəti hüquq-mühafizə orqanları məsələni araşdıracaq, səsləndirilən iddialara hüquqi qiymət veriləcək və bu kimi dələduzluq hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlər görüləcək.







