media-pmu8slks1ngqcvfvpnnmukwo0vcugjeql_oy6bq-qabzqu4zz4in0afwmclaxcgvhbgqh71bwr5iyrtpa661dxfh80_vvrbw6p6bjtvy_skrsfqfdrkf7pf4zf0gmq7bkt44qxsnrbfilhlj5ae98fwth4dzbl7dnwmusyaxmyme3jpzzqrc9ogi0z9cmqb

İnsan sosial varlıqdır və ətrafındakı insanların fikirləri onun davranışlarına, qərarlarına, hətta özünə münasibətinə təsir göstərə bilir. Maraqlıdır ki, bir çox hallarda insanlar onları yaxından tanıyan ailə üzvləri və dostlarının deyil, tamamilə tanımadıqları şəxslərin rəylərini daha çox önəmsəyirlər. Sosial şəbəkələrdə yazılan şərhlər, yad insanların tənqidi və ya tərifi bəzən insanın psixoloji vəziyyətinə yaxınlarının fikrindən daha güclü təsir göstərir. Bəs bunun səbəbi nədir? İnsan niyə tanımadığı insanların fikirlərinə daha çox dəyər verir və bu davranış hansı psixoloji amillərlə izah olunur?

Bununla bağlı ailə və yeniyetmə psixoloqu Fəridə Şərifova Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə,insanın qəbul olunmaq ehtiyacı tanımadığı şəxslərin fikirlərini bəzən yaxınlarının rəylərindən daha təsirli edə bilir:

“Əslində insanın ən böyük ehtiyaclarından biri qəbul olunmaq və dəyərli hiss etməkdir. Elə buna görə də bəzən bizi heç tanımayan bir insanın fikri, bizi illərlə sevən və tanıyan insanların sözündən daha çox təsir edir. Bunun bir səbəbi də odur ki, yaxınlarımızın bizi sevdiyini bilirik. Düşünürük ki, onlar bizi sevgilərinə görə tərifləyirlər. Amma bizi tanımayan biri müsbət fikir bildirəndə bunu daha obyektiv qəbul edirik. Mənfi fikir bildirəndə isə onu sanki həqiqət kimi qəbul etməyə meyllənirik”.

media-media-img-20260603-wa0122-0mvun1

Psixoloq qeyd edir ki,psixoloji yetkinlik insanın hər deyilən sözə deyil, həqiqətən dəyər daşıyan fikirlərə önəm verməsi ilə formalaşır:

“Bizim cəmiyyətdə “camaat nə deyər?” düşüncəsi də bu hissi daha da gücləndirir. İnsan zamanla özünü öz gözündən yox, başqalarının gözü ilə qiymətləndirməyə başlayır. Halbuki bizi bir neçə dəqiqəlik görən insan sadəcə görüntümüz haqqında fikir formalaşdırır. Bizi illərlə tanıyan insanlar isə xarakterimizi, mübarizəmizi, yaşadıqlarımızı və kim olduğumuzu bilirlər. Psixoloji yetkinlik isə məhz burada başlayır: hər deyilən sözə inanmaqda yox, kimin fikrinin həyatımızda həqiqətən dəyər daşıdığını ayırd edə bilməkdə. Çünki insanın öz dəyərini başqalarının təsadüfi fikirləri yox, özünü necə tanıması müəyyənləşdirməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər