media-9703f6ca-17cb-40c7-b1c9-6b1e8365e782

Patrul.az-ın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 75 nömrəli tam orta məktəbin qarşısında baş vermiş təhlükəli yol hadisəsi ilə bağlı yayımladığı videogörüntü aidiyyəti qurumlar tərəfindən araşdırılıb.

Xatırladaq ki, görüntülərdə 10-VP-389 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin sürücüsünün küçə şəraitinə uyğun olmayan yüksək sürətlə hərəkət edərək döngəyə daxil olması, əyləcləməyə baxmayaraq idarəetməni itirməsi və yol kənarında dayanan velosipedi vurması əks olunurdu. Hadisə zamanı ərazidə çoxlu sayda uşağın olması isə ictimai narahatlığa səbəb olmuşdu.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Patrul.az-a verilən məlumata görə, videogörüntü ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində sürücünün şəxsiyyəti müəyyən edilib və onun barəsində qanunamüvafiq tədbir görülüb.

Patrul.az olaraq müraciətə operativ reaksiya verərək məsələni araşdıran və qanunvericiliyin tələblərinə uyğun tədbir görən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə təşəkkür edirik.

Bir daha sürücülərə xatırladırıq ki, məktəbətrafı ərazilərdə sürət həddinə riayət etmək, piyadalara, xüsusilə uşaqlara qarşı diqqətli olmaq hər bir sürücünün həm hüquqi, həm də mənəvi borcudur. Bir anlıq məsuliyyətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.


Bənzər xəbərlər