QR kod vasitəsilə telefonunuza virus yoluxa bilərmi?
QR kodlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Restoran menyularından tutmuş ödəniş sistemlərinə, tədbir biletlərinə və müxtəlif onlayn xidmətlərə qədər hər addımda bu texnologiyadan istifadə olunur. Lakin kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, görünüşcə adi olan hər QR kod təhlükəsiz olmaya bilər. Bəs sadəcə QR kodu skan etməklə telefona virus yoluxa bilərmi?
Patrul.az-ın araşdırmasına görə, QR kodun özü virus daşımır. O, sadəcə istifadəçini müəyyən bir keçidə, fayla və ya tətbiqə yönləndirən məlumatdan ibarətdir. Əsas risk isə QR kodun yönləndirdiyi mənbədən yaranır. Əgər kod saxta internet səhifəsinə aparırsa, istifadəçi fərqinə varmadan şəxsi məlumatlarını, bank kartı məlumatlarını daxil edə və ya zərərli proqram yükləyə bilər.
Mütəxəssislərin fikrincə, təkcə QR kodu skan etmək əksər hallarda telefona virus yoluxdurmur. Lakin skandan sonra naməlum keçidə daxil olmaq, təhlükəli tətbiqi quraşdırmaq və ya şübhəli faylı yükləmək cihazın zərərli proqramla yoluxmasına səbəb ola bilər. Xüsusilə ictimai yerlərdə sonradan yapışdırılmış və ya dəyişdirilmiş QR kodlara qarşı diqqətli olmaq tövsiyə edilir.
Bundan başqa, bəzi saxta QR kodlar istifadəçini bankların və ya tanınmış şirkətlərin rəsmi saytlarına bənzədilmiş fişinq səhifələrinə yönləndirir. Bu üsulla kibercinayətkarlar giriş məlumatlarını, bank kartı nömrələrini və digər şəxsi informasiyaları ələ keçirməyə çalışırlar.
QR kodun özü təhlükə yaratmasa da, onun yönləndirdiyi məzmun ciddi risk daşıya bilər. Buna görə də QR kodu skan etdikdən sonra açılan keçidin ünvanını diqqətlə yoxlamaq, naməlum tətbiqləri yükləməmək və yalnız etibarlı mənbələrdən istifadə etmək kibertəhlükələrdən qorunmağın əsas şərtlərindəndir.
Cəmilə Cəfərzadə






