Autizmli uşağın skuterini avtobusa buraxmayan sürücü barəsində tədbir görüləcək - "BakuBus"dan AÇIQLAMA
Paytaxtda özü ilə birlikdə azyaşlı övladına məxsus skuteri də avtobusa aparmağa icazə verməyən 211 nömrəli marşrut xəttinin sürücüsü barəsində tədbir görülüb.
Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-dən məlumat verilib.
Bildirilib ki, qaydalara uyğun olaraq sərnişin müəyyən ölçüdə yükü avtobusda daşıya bilər:
“Sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı bildiririk ki, məsələ tərəfimizdən araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.
Bildiririk ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını gediş haqqı ödənilmədən aparmaq hüququna malikdir”.
Qurum, həmçinin sərnişin və sürücü arasında baş vermiş anlaşılmazlığa görə üzr istəyib və sürücü barəsində tədbir görüləcəyini bildirib:
“Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də onun azyaşlı övladından üzr istəyirik.Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq”.
Gülbəniz Səfərova






