İranda Şələmçə sərhəd-keçid məntəqəsinə zərbə endirildi: Ərbəin ziyarətinə gedən zəvvarlar arasında ölənlər var
ABŞ Silahlı Qüvvələrinin İranın Xuzistan vilayətində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinə endirdiyi raket zərbələri nəticəsində mülki şəxslər həlak olub.
Patrul.az İran mediasına istinadən xəbər verir ki, hücum zamanı İraqın Kərbəla şəhərinə zəvvarlıq (Ərbəin ziyarəti) üçün növbədə gözləyən şəxslərdən 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişin terminalında olan zəvvarların böyük qorxu və panika içində yerə uzandıqları, “şəhadət kəlməsi” gətirərək fəryad etdikləri əks olunub.
Bildirilib ki, raket zərbələri birbaşa Şələmçə sərhəd məntəqəsinin sərnişin terminalını və onun ətrafını hədəf alıb. Paralel olaraq, eyni saatlarda Xuzistan vilayətinin Əndimeşk şəhəri yaxınlığındakı strateji bir nöqtəyə də ABŞ raketləri endirilib.
Dağıntı və tələfata baxmayaraq, yerli hakimiyyət orqanları Şələmçə keçid məntəqəsində hərəkətin dayandırılmadığını bildirib. Zəvvarların İraqa doğru keçidi normal rejimdə davam edir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu zərbələrə cavab olaraq Küveyt və İordaniyadakı ABŞ hərbi bazalarını hədəf aldığını elan edib. Bildirilib ki, hava zərbələri xüsusilə “Patriot” və “THAAD” raketdən müdafiə sistemlərinin radarlarına endirilib.
Qeyd edək ki, bu hücum ABŞ ordusunun İran daxilindəki hərbi və strateji obyektlərə qarşı həyata keçirdiyi ardıcıl 12-ci gecə əməliyyatları çərçivəsində baş verib.






