media-file_000000008e54822f904cca1bc913ef0c

Bir çox insanın, xüsusilə də yaşlı nəslin sol çiynində və ya yuxarı qol nahiyəsində kiçik dairəvi çapıq izi var. İllərdir bu izin necə yarandığını bilməyənlər az deyil. Əslində isə bu kiçik iz bir zamanlar bəşəriyyəti ölümcül epidemiyadan qorumaq üçün tətbiq olunan çiçək xəstəliyi peyvəndinin izidir.

Patrul.az araşdırır ki, bu çapıq niyə yaranır və niyə artıq yeni nəsildə görünmür?

Çiçək xəstəliyi (smallpox) tarix boyu milyonlarla insanın ölümünə səbəb olmuş ən təhlükəli yoluxucu xəstəliklərdən biri idi. Xəstəlik yüksək hərarət, irinli səpkilər və ağır fəsadlarla müşayiət olunur, sağ qalan insanların əksəriyyətində isə ömürlük çapıqlar qalırdı.

Bu xəstəliyə qarşı istifadə edilən peyvənd adi iynələrlə deyil, xüsusi iki uclu iynə vasitəsilə dəriyə bir neçə dəfə toxundurularaq vurulurdu. Peyvənd yerində əvvəlcə kiçik qabarcıq əmələ gəlir, daha sonra irinlənir, qabıq bağlayır və sağaldıqdan sonra xarakterik dairəvi çapıq qalırdı. Bu, peyvəndin orqanizmdə immun cavab yaratdığının normal əlaməti hesab edilirdi.

1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çiçək xəstəliyinin dünyada tamamilə məhv edildiyini elan etdikdən sonra əksər ölkələrdə bu peyvəndin tətbiqi dayandırıldı. Buna görə də sonrakı illərdə doğulan insanların böyük əksəriyyətinin qolunda həmin dairəvi izə rast gəlinmir.

Bu gün həmin çapıq tibbi baxımdan təhlükəli hesab olunmur. Əksinə, o, bir dövrün ən uğurlu ictimai səhiyyə kampaniyalarından birinin səssiz xatirəsi kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, çiçək xəstəliyi insan tarixində peyvənd sayəsində tamamilə aradan qaldırılan yeganə yoluxucu xəstəlikdir.

Qoldakı kiçik dairəvi çapıq sadəcə dəri izi deyil. O, milyonlarla insanın ölümünə səbəb olmuş təhlükəli xəstəliyə qarşı aparılan qlobal mübarizənin və tibbin əldə etdiyi ən böyük nailiyyətlərdən birinin simvoludur. Bu gün yeni nəsildə həmin izi görməməyimizin səbəbi isə çiçək xəstəliyinin artıq dünyada mövcud olmaması və həmin peyvəndin rutin şəkildə tətbiq edilməməsidir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər