media-inshot_20251224_234445291

“Avropa Birliyi mövcud siyasətini dəyişməzsə, qitə 2026-cı ildə  müharibə təhlükəsi ilə qarşılaşa bilər”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban yerli mediaya verdiyi müsahibədə səsləndirib.

Ona 2025-ci ilin Avropada son sülh ili olub-olmayacağı ilə bağlı sual ünvanlandıqda, Orban bu ehtimalın real olduğunu bildirib:

“Bəli, bunu istisna etmək olmaz”.

Macarıstan hökumət başçısı qeyd edib ki, Avropa uzun illər sülh şəraitində yaşamağa öyrəşib:

“Avropadakı son böyük müharibə 1945-ci ildə başa çatıb və bu, artıq 80 il əvvələ təsadüf edir. Bu, qitə üçün son dərəcə nadir və müstəsna bir dövrdür”.

Orbanın sözlərinə görə, Avropanı onilliklər ərzində müharibədən uzaq saxlayan əsas amillərdən biri nüvə fəlakəti qorxusu olub:

“Bu qorxu 80 il ərzində təsirli idi. Lakin indi tamamilə fərqli bir dünya formalaşır”.

Baş nazir Avropa liderlərinin bir qismini müharibə meyilli siyasət yürütməkdə ittiham edib. O hətta, 18-19 dekabr tarixlərində keçirilən Aİ Liderlər Zirvəsində verilən bəzi qərarlar və təkliflərin Ukraynadakı müharibəni alovlandırmaq və Rusiyanı daha da təhrik etmək məqsədi daşıdığını söyləyib. Onun fikrincə, hazırda Avropada iki düşərgə mövcuddur:

“Bu gün Avropada iki qrup var – müharibə tərəfdarları və sülh tərəfdarları. Hazırda müharibə istəyən qrup dominantdır. Brüssel müharibə istəyir, Macarıstan isə sülhü müdafiə edir”.


Bənzər xəbərlər