media-inshot_20260423_134410635

Avropa İttifaqı Ukraynaya həm hərbi, həm də iqtisadi sahədə kritik dəstəyi nəzərdə tutan yeni yardım paketini qəbul edib.

Patrul.az xəbər verir ki, aprelin 22-də Aİ səfirləri tərəfindən ilkin razılığı əldə olunan qərara əsasən, Ukrayna üçün 90 milyard avroluq kredit ayrılması və Rusiyaya qarşı 20-ci sanksiyalar paketi təsdiqlənib.

Qərar uzun müddətdir yardıma mane olan Macarıstanın vetonu geri götürməsindən sonra mümkün olub. Belə ki, Budapeşt rəhbərliyi yardımı “Drujba” kəməri ilə neft nəqlinin bərpası şərti ilə bloklayırdı. Ukrayna tərəfinin boru kəmərində təmir işlərini başa çatdıraraq nəqli bərpa etməsindən sonra Macarıstan qərara razılıq verib.

2026–2027-ci illəri əhatə edəcək vəsait iki əsas istiqamət üzrə bölünəcək: 60 milyard avro silah və sursat tədarükünə, 30 milyard avro isə Ukraynanın büdcə xərcləri və iqtisadi ehtiyaclarına yönəldiləcək.

Kredit vəsaitləri Aİ-nin zəmanəti ilə beynəlxalq bazarlardan cəlb olunacaq və Ukraynanın bu borcu müharibə başa çatdıqdan sonra Rusiyanın ödəyəcəyi hərbi təzminatlar hesabına qaytarılacaq.

Üzv dövlətlərin yekun razılığı üçün aprelin 23-ü günortaya qədər vaxt verilib və texniki maneə yaranmasa, yardımın ilk hissəsinin gələn aydan etibarən Ukraynaya çatdırılması gözlənilir.


Bənzər xəbərlər