Avropa ölkələrindən İrana etiraz: Səfirlər XİN-lərə çağırıldı
İranın Britaniya, Fransa, Belçika, İspaniya, Finlandiya və Niderlanddakı səfirləri dinc etirazçılara qarşı zorakılıq hallarına etiraz məqsədilə müvafiq ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıblar.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Kuper rəsmi açıqlamasında Tehrana zorakılığa son qoymaq çağırışı edib.
Niderlandın xarici işlər naziri Van Vil bildirib ki, iranlı diplomat Avropa tərəfdaşları ilə koordinasiya çərçivəsində həddindən artıq zorakılıq, kütləvi həbslər və internetin bağlanmasına qarşı rəsmi etirazın çatdırılması üçün XİN-ə dəvət olunub.
Finlandiya Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, İran hakimiyyəti etirazların qarşısını almaq üçün interneti bağlayaraq zorakılıq və repressiyalara əl atır.
İspaniya isə informasiya blokadasına və dinc etirazçıların həbslərinə dərhal son qoyulmasını tələb edib.
ABŞ Prezidenti Donald Tramp isə iranlıları etirazları davam etdirməyə və dövlət binalarını ələ keçirməyə çağırıb:
“İranlı vətənpərvərlər, etirazlara davam edin və dövlət binalarını ələ keçirin! Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər. Etirazçıların mənasız qətli dayanana qədər, İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim”, – Tramp “Truth” sosial media hesabında qeyd edib.
Xatırladaq ki, İranda 2025-ci il dekabrın 28-də milli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və ölkədə dərinləşən iqtisadi problemlər fonunda kütləvi etiraz aksiyaları başlayıb.
Məlumatlara görə, etirazlara SEPAH-ın silahlı müdaxiləsi nəticəsində 3 minə yaxın insan həyatını itirib.






