media-whatsapp-image-2026-06-28-at-20-31-43

Avropada son bir həftədə qeydə alınan anomal isti hava şəraiti kütləvi insan tələfatı və ciddi infrastruktur böhranına səbəb olub.

Patrul.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmi məlumat yayıb.

Bildirilib ki, isti hava dalğasından ən çox zərər çəkən ölkə Fransa olub. İyunun 24-dən bəri ölkədə normal ölüm göstəricisindən təxminən 1 000 əlavə ölüm halı qeydə alınıb. Paytaxt Paris və İl-de-Frans regionunda tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçib, evlərdə qeydə alınan qəfil ölüm halları kəskin çoxalıb.

Bundan əlavə, anomal istilərdən qorunmaq və sərinləmək məqsədilə təhlükəli və qeyri-qanuni su hövzələrinə üz tutanlardan 55-dən çox şəxs suda boğularaq fəlakətin qurbanı olub.

Almaniya meteorologiya tarixinin ən isti günlərini yaşayır. Saksoniya-Anhalt bölgəsində temperatur 41.5 dərəcəyə yüksələrək mütləq rekord vurub. Şərqi Saksoniyada isə gecə temperaturunun 29.4 dərəcədən aşağı düşməməsi ölkə tarixinə “ən isti tropik gecə” kimi düşüb. Yüksək temperatur fonunda ölkənin bir neçə bölgəsində genişmiqyaslı meşə yanğınları başlayıb.

Anomal isti hava kütləsinin şərqə doğru irəliləməsi ilə Çexiyada temperatur ilk dəfə 40 dərəcəlik psixoloji həddi aşaraq 40.6 dərəcəyə çatıb. Polşada isə istilərlə bağlı ən yüksək təhlükə səviyyəsi elan edilib.

Şimal ölkəsi olan Danimarkada da analoji vəziyyətdir – ölkə tarixində ilk dəfə 37 dərəcə isti qeydə alınıb.

İspaniyada isə anomal hava şəraitinin ilk 4 günündə birbaşa yüksək temperatur səbəbindən 212 nəfər dünyasını dəyişib.

Ən çox ölüm halları kimlər arasındadır?

Ekspertlərin təhlilinə əsasən, qeydə alınan ölüm hallarının 85%-dən çoxu 65 yaşdan yuxarı, tək yaşayan və xroniki xəstəlikləri olan şəxslərin payına düşür. Eyni zamanda, temperaturun kəskin yüksəlməsi fonunda avtomobillərdə qapalı qalan azyaşlı uşaqlar arasında da bədbəxt hadisələr və ölüm halları qeydə alınıb.

ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus mövcud böhranı şərh edərək, ekstremal istiləri “səssiz qatil” adlandırıb. Təşkilat rəhbəri Avropa regionunun qlobal ortalamadan iki dəfə daha sürətlə istiləşdiyini vurğulayaraq, qitə hökumətlərini təcili fəaliyyət planları hazırlamağa çağırıb.

ÜST rəhbərliyi bildirir ki, Avropadakı mənzillər, iş yerləri və təhsil müəssisələri soyuğu deyil, istini içəridə saxlamaq üçün inşa edildiyindən və əksər binalarda müasir soyutma sistemləri quraşdırılmadığından fəsadların miqyası daha da böyüyür.

Gülbəniz Səfərova


Bənzər xəbərlər