Pakistanda hərbi qərargaha terror hücumu: Partlayıcı dolu avtomobillə qapını uçurdular
Pakistanda hərbi qərargaha edilən terror hücumu nəticəsində 3 əsgər həlak olub.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə iyunun 27-də Karaçi şəhərində yerləşən hərbi şəhərcikdə baş verib.
Məlumata görə, ağır silahlanmış terrorçular partlayıcı maddə ilə doldurulmuş avtomobili qərargahın əsas giriş darvazasına çırpıblar. Baş verən güclü partlayışın ardından yaraqlılar əl qumbaralarından istifadə edərək hərbi obyektin daxilinə sızmağa cəhd göstəriblər. Nəticədə tərəflər arasında şiddətli atışma başlanıb.
İnsident zamanı Pakistan ordusunun 3 hərbi qulluqçusu həlak olub, bir neçə əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Cavab atəşi ilə də 4 terrorçu hadisə yerindəcə məhv edilib, daha bir yaraqlı isə yaralı vəziyyətdə ələ keçirilib. İlkin araşdırmalar zamanı onun Əfqanıstan vətəndaşı olduğu müəyyən edilib.
Hazırda ərazidə gizlənən digər şübhəlilərin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı antiterror əməliyyatı davam etdirilir.
Gülbəniz Səfərova






