Aydın Quliyev: "Cinayətkarlığa qarşı mübarizə ilə cinayətdə şübhəli bilinən şəxslərin qəsdən öldürülməsi arasında böyük fərq var"
“Rusiyada Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat qəbuledilməz və qəddar formada həyata keçirilib. Bu cür hallarda, hətta ən ağır cinayətlərdə ittiham olunan şəxslərə qarşı belə əməliyyatların hüquqi çərçivədə, normal və humanist prinsiplərə əsasən aparılması lazım idi. Cinayətkarlığa qarşı mübarizə ilə cinayətdə şübhəli bilinən şəxslərin qəsdən öldürülməsi arasında ciddi fərq var. Hüquq-mühafizə orqanları istənilən halda qanunla hərəkət etməlidir”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O, Rusiya təhlükəsizlik qüvvələri, xüsusilə “OMON” əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilmiş əməliyyatı tənqid edərək bildirib ki, şübhəli şəxslərə qarşı ölümlə nəticələnən bu cür davranışlar heç bir hüquqi norma ilə əsaslandırıla bilməz:
“Əldə olunan məlumatlara görə, həmin şəxslər nə silahlı olub, nə də müqavimət göstəriblər. Lakin onların sadəcə şübhə əsasında saxlanılması belə qeyri-insani və əsassız üsullarla aparıldığından nəticədə fiziki məhvə səbəb olub. Bu isə faktiki olaraq qətl əməliyyatı anlamına gəlir. Bu cür hadisələr təkcə insan hüquqlarının kobud şəkildə pozulması deyil, həm də Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi zərbə vurur. Onsuz da hazırda bu münasibətlər son dərəcə həssas mərhələdədir”.
Politoloqun sözlərinə görə, AZAL təyyarəsinin qəzaya uğramasından sonra gözlənilirdi ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmağa səy göstərəcək. Lakin son hadisə, vətəndaşlarımıza qarşı qeydə alınan fiziki zorakılıq və insan ölümü ikitərəfli əlaqələrə ciddi zərbə vuraraq vəziyyəti daha da gərginləşdirdi:
“Azərbaycana məxusus AZAL təyyarəsinin vurulması ilə bağlı məsələ Rusiya tərəfindən sona qədər araşdırılmadı. Azərbaycanlı deputatın Həştərxana səfərinin qarşısı yolverilməz bir şəkildə alındı. Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm internet resurslarına kiberhücumlar təşkil olundu. Bu hadisələrlə bağlı ölkə daxilində, o cümlədən parlament səviyyəsində də araşdırmalar aparıldı. Bu son olaydan sonra gözlənilirdi ki, Rusiya artıq münasibətləri daha da gərginləşdirəcək addımlardan çəkinəcək. Lakin əksinə, indiyə qədər baş verənlərdən daha dəhşətli hadisə, azərbaycanlıların fiziki məhv edilməsinə səbəb olan əməliyyat həyata keçirildi.
Bu əməliyyat həm hüquqi baxımdan qeyri-peşəkar aparılıb, həm də fundamental insan haqlarının pozulması ilə müşayiət olunub. Hadisənin nəticələri isə cəmiyyət üçün dərin fəlakətə çevrilib. Belə hadisələr nə bağışlana, nə də unudula bilər”.
Aydın Quliyev, xüsusilə Rusiya tərəfinin hadisə ilə bağlı da səssiz qalmasından və saxlanılan şəxslərin hansı səbəbdən həbs olunduğuna dair ictimaiyyətə heç bir məlumat verilməməsindən narazılığını ifadə edib. Onun fikrincə, bu məsələdə məsuliyyət daşıyan şəxslərin hüquq qarşısında cavab verməsi vacibdir. Əks halda, iki ölkə arasındakı münasibətlər daha da gərginləşəcək:
“Rusiya hüquq-mühafizə orqanları bu əməliyyatı tam şəkildə araşdırmalı, ictimaiyyətə şəffaf məlumat təqdim etməlidir. Həmin şəxslərin konkret olaraq hansı ittihamlarla saxlandığı hələ də açıqlanmayıb. Amma istənilən halda, heç bir ittiham insanın məhkəməsiz və müqavimətsiz şəkildə fiziki məhvini haqq qazandıra bilməz. Bu hadisə Azərbaycan cəmiyyətində böyük hiddətlə qarşılanıb. Çünki baş verənlər nə hüquqa, nə də insani prinsiplərə sığır. Rusiya hüquq-mühafizə orqanlarının bu əməliyyatına rəhbərlik edən şəxslər qanun qarşısında cavab verməlidirlər. Əks halda, bu hadisə iki ölkə arasında münasibətlərdə uzunmüddətli və ciddi bir gərginliyə səbəb olacaq”.
Gülbəniz Səfərova