Azarkeşləri həyəcanlandıran Ronaldo-Messi xəbəri zarafat çıxdı
Futbol tarixində Kristiano Ronaldo ilə Lionel Messinin eyni komandada çıxış edə biləcəyi ilə bağlı yayılan xəbər azarkeşlər arasında böyük maraq və həyəcan doğursa da, sonradan bunun sadəcə zarafat olduğu üzə çıxıb.
Patrul.az xəbər verir ki, İspaniyanın “Mundo Deportivo” nəşri “Əl-Nəsr” klubunda çıxış edən Kristiano Ronaldonun Lionel Messi ilə birlikdə oynamaq üçün ABŞ təmsilçisi “İnter Mayami”yə transfer olunmaq istədiyini iddia edib.
Xəbərdə qeyd olunurdu ki, Kriştiano Ronaldo menecerlərinə karyerasını başa vurmazdan əvvəl illər boyu müqayisə edildiyi argentinalı ulduz Lionel Messi ilə eyni komandada çıxış etmək arzusunda olduğunu bildirib və bu məqsədlə “İnter Mayami”yə keçid variantını nəzərdən keçirməyi tapşırıb.
Məlumata görə, bu iddia qısa müddətdə dünya miqyasında geniş rezonans doğurub və futbol ictimaiyyətində böyük sensasiya yaradıb. Lakin bir müddət sonra xəbərin həqiqətə uyğun olmadığı və zarafat məqsədi daşıdığı aydınlaşıb.
Belə ki, İspaniyada 28 dekabr tarixi “Məsumlar Günü” kimi qeyd olunur və bu gün 1 aprel – Zarafat Gününə bənzər məna daşıyır. Sözügedən məlumat da məhz bu tarixlə əlaqədar yayımlanan simvolik zarafatlardan biri olub.
Xəbərin gerçək olmadığı ortaya çıxdıqdan sonra Ronaldonun və Messinin eyni komandada çıxış edəcəyinə ümid bəsləyən futbol azarkeşləri isə məyusluqlarını gizlədə bilməyiblər.
Gülbəniz Səfərova






