Azərbaycan–Avropa münasibətlərində yeni mərhələ: Sülh, enerji və strateji əməkdaşlıq - ŞƏRH
“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri bir daha göstərir ki, ölkəmiz Aİ üçün həm enerji daşıyıcıları baxımından, həm də tranzit yollarının üzərində yerləşməsi səbəbilə strateji əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Orta Asiya və Çin üzərindən keçən alternativ ticarət yollarının açılması baxımından Avropanın əsas maraqlarından biri kimi qiymətləndirilir”.
Bu sözləri Patrulaz.az-a şərhini verən politoloq Bədrəddin Quliyev deyib. O bildirir ki, Avropa İttifaqının həyata keçirdiyi proseslər nəticəsində Orta Asiya, o cümlədən Cənubi Qafqazda mövcud proseslər dəyişir:
“Avropa İttifaqı son illərdə Orta Asiyanın iqtisadi münasibətlərinə daha ciddi yanaşır. Regionda sülh və əmin-amanlığın bərqərar olması, İran və Rusiyadan yan keçən ticarət marşrutlarının formalaşdırılması məsələsində Azərbaycan əsas tranzit ölkə kimi ön plana çıxır. Bu baxımdan bölgədə sabitliyin qorunması əsas şərtlərdən biridir.
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir. MDB-yə üzv olan beş ölkə – Belarus, Moldova, Ukrayna, Azərbaycan və Ermənistan, eyni zamanda Gürcüstanla birlikdə Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələyə qədəm qoyur. Moldova və Ukraynadakı proseslər, o cümlədən separatizm və enerji təhlükəsizliyi məsələləri bu münasibətlərdə mühüm yer tutur.
Zəngəzur dəhlizinin açılması və bu dəhliz vasitəsilə Naxçıvandan Türkiyəyə uzanan yolların formalaşması, həmçinin Ermənistan ərazisindən keçəcək marşrutların qurulması bölgədəki inteqrasiya proseslərinə təkan verə bilər. Bu isə, dolayısıyla, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da töhfə verəcək”.
Politoloqun sözlərinə görə, Azərbaycanın bölgədə etibarlı tərəfdaş kimi çıxış etməsi, Ermənistanla sülh sazişinin imzalanması və mina təmizlənməsi məsələlərində Avropa İttifaqının fəal dəstək göstərməsinə səbəb olub:
“Digər mühüm amil isə Avropa ilə Amerika arasında mövcud olan iqtisadi gərginliklər fonunda ticarət dövriyyələrinin yeni istiqamətlərdə formalaşdırılmasıdır. Avropanın ən çox investisiya qoyduğu ölkələrdən biri olan Çinlə münasibətlərin inkişaf etdirilməsi məsələsində Azərbaycan və Türkiyə üzərindən Aİ ilə əlaqələrin gücləndirilməsi xüsusi önəm daşıyır.
Bütün bu proseslər Azərbaycanın regional və qlobal miqyasda əhəmiyyətini artırır. Azərbaycanın bölgədə etibarlı tərəfdaş kimi çıxış etməsi, həm Ermənistanla sülh sazişinin imzalanması, həm də mina təmizlənməsi məsələlərində Avropa İttifaqının fəal dəstək göstərməsinə səbəb olub.
Nəticə etibarilə, Azərbaycanın suveren maraqları ilə Avropa İttifaqının maraqları üst-üstə düşür və enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq bu münasibətlərin əsasını təşkil edir. Bu gün artıq Avropanın 11 ölkəsi Azərbaycanla sərbəst bazar prinsipləri əsasında əməkdaşlıq edir”.
Gülbəniz Səfərova