“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verir” – DEPUTAT DANIŞDI
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir. Nəzərə almalıyıq ki, 2020-ci ilin dekabrın son günündən etibarən Azərbaycan mavi qazı Avropa bazarına çıxır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ötən müddət ərzində Azərbaycan Avropa bazarına 40 milyard kub metrdən artıq mavi qaz nəql edib: “Praktik olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxarılan mavi qazın həcminin artması Azərbaycanın regionun, xüsusilə də Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolunun artmasına gətirib çıxarır. Azərbaycan Avropa İttifaqı ilə bərabərtərəfli, müstəqil və qarşılıqlı əməkdaşlığa söykənən münasibətlərin dərinləşməsində maraqlıdır. Ümumiyyətlə Azərbaycan qarşılıqlı münasibətlərin ölkələr və ittifaqlarla genişləndirilməsinə böyük önəm verir və ölkəmiz bütövlükdə regionda sülhə töhfə verən ölkələrdəndir.
Eyni zamanda Azərbaycan qazının yeni xətlə Mərkəzi-Şərqi Avropa ölkələrinə çıxarılması məsələsi müzakirə olunur. Hazırda Azərbaycan 12 ölkəyə mavi qaz nəql edir. Həmin ölkələrdən praktiki olaraq 10-u Avropa ölkəsidir, digər 2-si isə qonşuluqda yerləşən Gürcüstan və Türkiyədir. Bu konteksdən Azərbaycan Avropa İttifaqının və daha geniş mənada regionun enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Bu proses davam edəcək, çünki Azərbaycanın mavi qaz ehtiyyatları kifayət qədər böyükdür. Hasilatın artması isə Avropa bazarına daha çox mavi qazın nəqli baxımından yeni imkanlar yaradır”.