"Azərbaycanda uşaqlar avtoritar tərbiyə ilə valideynindən asılı vəziyyətə düşür" - Psixoloq
Dünya müxtəlif dəyərlərə sahib cəmiyyətlərin birləşməsindən ibarətdir və buna görə hər ölkədə valideynlər uşaqlarını müəyyən əsaslarla yetişdirirlər. Məsələn, Azərbaycanda valideynlər çox vaxt öz arzularına görə deyil, ailənin istəklərinə uyğun peşə seçirlər. Bu səbəbdən Azərbaycan mühitində böyüyən uşaqlar Avropa və Qərb ölkələrində yetişən həmyaşıdlarından fərqli xüsusiyyətlərə sahib olurlar. Onlar bəzən ömürlərinin sonuna kimi valideynlərinin dediklərinə uyğun hərəkət etməyə meylli olurlar.
Avropa və Qərbdə isə əksinə, uşaqların azad düşünməsi öncül olur və valideynlər onları sərbəst, öz qərarlarına əsaslanaraq böyüdürlər. Bəlkə də bunun arxasında ailə dəyərlərinə bağlılıq yox, fərdi azadlığa və müstəqilliyə verdikləri önəm dayanır.
Maraqlıdır ki, uşaqları Avropa ölkələri kimi azad ruhlu böyütmək daha məqsədəuyğundur, yoxsa Azərbaycan modelində olduğu kimi ailənin istəyi ön planda olmalıdır?
Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən psixoloq Aytən Ələkbərova bildirib ki, Azərbaycan cəmiyyətində uşaqların avtoritar şəkildə böyüdülməsi onların valideynlərinə həddindən artıq bağlı olmasına gətirib çıxarır. Nəticədə, gələcəkdə bu uşaqlar öz işlərini təkbaşına görməkdə çətinlik çəkir və müstəqil qərar vermə bacarıqları zəifləyir:
“Bəzən biz düşünür ki, Qərbdə yaşayan uşaqlarla bizim övladlar arasında hansı fərqlər var ki, onlar daha düşüncəli olur və istədiklərinə addım atırlar. Çünki Azərbaycan cəmiyyətində valideynlər uşaqlarını avtoritar rejimdə böyüdür. Yəni, bizim cəmiyyətdə valideynlər uşaqlarını demokratik bir şəkildə böyütmək istəmirlər. Hətta, kiçik yaşlarında uşaqların paltar seçiminə belə qarışıldığı halda, onun düşüncəsi inkişaf etmədikcə valideyn bütün seçimlərinə qarışır. Seçimlərinə qarışılan insan isə kimdənsə asılılığa meyilli olur. İstər zərərli vərdişlərə, istər mərc oyunlarına, istərsə də insan orqanizmasında gedən hormonal dəyişikliklərə qarşı virtual aləmlərə nəzər yetirsək, görərik ki, bunların kökündə asılılıq düşüncəsi dayanır”.

Psixoloqun fikrincə, valideynlər uşaqlarına sərbəst düşünmək imkanı yaratmalıdır ki, gələcəkdə onlar öz istədikləri kimi qərar verə və addım ata bilsinlər:
“Ümiyyətlə, insanlar emosional zəkanın inkişafını ən axrıncı plana salır. Nəticədə valdeyinin istəyi ilə hərəkət edən uşaq emosional zəkadan uzaq qalır.
Misal olaraq, bir sinifə nəzər yetirdikdə, sərbəst hərəkət edən uşağı görən kimi “tərbiyəsiz” adlandırırıq. Amma sonradan görürük ki, damğa vurduğumuz uşaq daha çox inkişaf edib. Hətta, valideynin arzusu ilə ixtisasını seçən sinifin əlaçısı belə bir zamanlar “tərbiyəsiz” adlandırılan şəxsdən artıq iş istəyir. Buna səbəb həmin uşağın digərlərindən daha güclü emosional zəkaya sahib olmasıdır. Çünki onun düşüncəsinə mane olan insan olmur və buna görə də daha düzgün addımlar atır.
Bir sözlə, çəkdiyim misal bizim uşaqları xarici ölkənin yeniyetmələrindən fərqləndirən əsas amildir. Sadecə olaraq, məkan, yaşam tərzi fərqlilikləri var. Azərbaycan cəmiyyətində valideynlər övladlarını basqı altında böyütməyə öyrəşib. Amma bu çox yanlış düşüncədir. Ona görə ki, sabah valideyn olmadığı zaman uşaq onun qazandıqlarını itirməyə başlayır. Yəni, valideynin zəhmət və əziyyətlə qazandığı maşını, evi uşaqlar sataraq dolanmağa üstünlük verməyə başlayır. Bir sözlə, valideynin asıllığında olan uşaq çətinliyə düşdükdə əziyyətsiz, asan yol axtarır. Çünki onların yerinə hər zaman fikirləşən bir valideyni olub. Amma uşağın özünün fikirləşmə qabiliyyəti yüksək olarsa, malın üzərinə mal gələr”.
Gülbəniz Səfərova






