“Azərbaycan hər zaman Gürcüstanı beynəlxalq siyasi proseslərdə əsas tərəfdaşı kimi görüb” - ŞƏRH
“Azərbaycan-Gürcüstan əlaqələri öz dinamikasına görə hər zaman digər ölkələrlə olan əlaqələrdən fərqlənib və regional əhəmiyyətə malik olub, iki ölkə arasında gündəlikdə bir çox əhəmiyyətli məsələlər olub, bütün bunlar Gürcüstan və Azərbaycanın dost və yaxın strateji müttəfiq olmasını şərtləndirib”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Gürcüstan Prezidentinin Azərbaycana səfəri də məhz bu qəbildəndir və bu strateji əlaqələrin inkişafına öz töhfəsini verir:
“Ümumiyyətlə, biz Gürcüstan və Azərbaycan əlaqələrinə nəzər salsaq, hər zaman həm bu ölkənin ictimaiyyəti və hökuməti tərəfindən ölkəmizə qarşı yaxşı münasibətin şahidi olmuşuq ki, bunun da əsas səbəbi Azərbaycanın hər zaman Gürcüstana dostcasına yanaşması və bu ölkənin ən çətin günündə yanında olması və inkişafını istəməsi ilə bağlıdır. Gürcüstanda kompakt halda yaşayan bizim həmvətənlər də o cümlədən bu ölkənin sağlam inkişafını istəyiblər və daim bunun üçün çalışıblar. Burada ən önəmli məqam ondan ibarətdir ki, Azərbaycan hər zaman Gürcüstanda gedən siyasi proseslərə və daxili işlərinə hörmətlə yanaşıb, Gürcüstana regional nəqliyyat və enerji layihələrində müttəfiq kimi baxıb, beynəlxalq siyasi proseslərdə əsas tərəfdaşı kimi görüb”.
“Hesab edirəm ki, Gürcüstanda formalaşan yeni hökumət də bu siyasi prosesləri dəyərləndirir, qiymət verir və bundan çıxış edərək Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsini kursunu götürüb ki, məhz bu səfər də bundan irəli gəlir. Bundan başqa bu gün Gürcüstanda yeni siyasi konfiqurasiya formalaşıb, yeni Prezident seçilib və bu ölkədə yeni komanda ilə də işləmək hər iki ölkənin siyasi gündəliyində olan məsələdir. Gürcüstan təbii ki, dəyişir, daha da inkişaf edir, ölkənin siyasi palitrası, ictimai mühiti yenilənir və Azərbaycan üçün də bunun önəmi vardır, çünki Azərbaycan əsas əhəmiyyətli layihələri bu ölkə ilə birgə reallaşdırıb və bu gün bu davam edir, iki ölkənin bundan sonra da qarşısında regionun inkişafı ilə bağlı yeni hədəflər dayanır və təbii ki, Gürcüstanda təmsil olunan yeni siyasi komandanın bu istiqamətdə Azərbaycanla yaxından işləməyə maraqlı olduğu görünür və hesab edirəm ki, bütün bunlar ölkəmizin Gürcüstanla olan əlaqalərinin nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyur”,- deyə o əlavə edib.
Ləman Sərraf