“Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpasına 19 milyard manat vəsait xərcləyib“ - DEPUTAT
“Qarabağ və Şərqi Zəngəzur yenidən qurularaq, bərpa olunur. Uzun müddət erməni işğalı altında tamamilə dağıdılan ərazilərimiz artıq yeni və ciddi infrastruktur layihələrinin reallaşdırılmasına töhfə verir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri bir tərəfdən bu ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin eləcə də, digər proqramların icrasına nəzarətin reallaşmasına gətirib çıxarır: “Digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidənqurulmasının ölkə başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.
Azərbaycan Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 19 milyard manat vəsait xərcləyib. Bu il isə daha dörd milyard vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu o deməkdir ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurulmasına ayrılan vəsaitin həcmi 25 milyard manatdır. Bu isə Azərbaycanın gücünü və Qarabağın yenidən qurulması ilə bağlı dövlət başçısının siyasi iradəsini göstərmiş olur”.