Azərbaycan Rusiyaya Yekaterinburqda işgəncə ilə öldürülən vətəndaşların işi üzrə sübutlar təqdim edib
Azərbaycan Yekaterinburqda iki vətəndaşının işgəncə ilə öldürülməsi ilə bağlı Rusiyaya sübutlar təqdim edib.
Patrulaz.az xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu Rusiya Federasiyasının İstintaq Komitəsinə Yekaterinburq şəhərində iki azərbaycanlının işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı sübutlar təqdim edib.
Baş prokuror Kamran Əliyevin sözlərinə görə, Azərbaycan bu dəhşətli hadisə ilə bağlı araşdırmaları davam etdirir və əldə olunmuş bütün materiallar artıq Rusiya tərəfinə göndərilib:
“Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı cinayət işi başlatdıq. Bilirsiniz ki, Rusiya tərəfi – həm İstintaq Komitəsi, həm Baş Prokurorluqla mütəmadi əlaqələr saxlayırıq. Hərçənd, Rusiya tərəfi deyir zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu.
Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsi tərəfə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq”.
Hazırda Rusiya İstintaq Komitəsi də təqdim olunan sənədlər əsasında paralel şəkildə araşdırmalara başlayıb.






