“Ölkəmizdə müasir dövrdə televiziya məkanı inkişaf etmək əvəzinə, sözün həqiqi mənasında, inkişafdan geri qalır. İllər öncə efirlərimizdə olan nitq mədəniyyəti, geyim tərzi bu gün iki-üç televiziya kanalı istisna olmaqla, digərlərində demək olar ki, yox dərəcəsindədir. Bunun da müəyyən səbəbləri var. Onlardan başlıcası televiziya məkanının nəyə xidmət etməsi ilə bağlıdır. Əvvəllər televiziya verilişləri xüsusi bir ideologiyaya xidmət edir, xalqın milli dəyərlərinə, ənənələrinə, uşaq-yeniyetmə və gənclərin hərtərəfli inkişafına, təhsil və təliminə, orta yaş qrupunda olan və yaşlı insanların istəklərinə, yaşayış tərzinə, asudə vaxtının səmərəli təşkilinə hesablanmaqla hazırlanırdısa, bu gün onların hər biri kənarda qalıb”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova deyib.

O bildirib ki, indi televiziya kanalları maddi gəlir uğrunda mübarizəyə qalxıb: “Necə edək ki, daha artıq reytinq toplayaq, necə edək ki, verilişlərə daha çox ödəniş edən həkim və digər gəlirli sahələrdən olan insanları çıxaraq yarışı gedir. Bütün bunlara görə də artıq xalqın istəkləri bir kənarda qalıb, onun yerinə əttökən, lakin pul qazandıran reklam xarakterli verilişlər, çığır-bağırla reytinq yığmaq, xalqın dəyərləri üzərində pul qazanmaq meydana gətirilib. Məhz elə bu səbəblər də efirlərdə artıq nitq mədəniyyətinin nə qədər əhəmiyyətli olmasını, eləcə də normal geyim tərzini arxa plana keçirib. Azərbaycan xalqı olaraq bizim cəmiyyətimizə məxsus qadın və kişi geyimləri var ki, xüsusilə efirlərdə buna riayət olunmalıdır. Lakin bu gün efirlər gəlir əldə etmək məkanına çevrildiyindən aparıcılar elə formada geyinir ki, bu, reytinq gətirsin. Məsələn, iki gün öncə efirlərimizdən birində qadın aparıcı ətəyi elə qısa geyinmişdi ki, oturanda nə qədər onu aşağı dartsa da, faydası olmadı, naməhrəm yerləri açıqda qaldı. Düşünürsən ki, bax, belə geyinib xalqın qarşısında onu aşağı dartmaqla bir az da diqqətləri üzərinə çəkəcəksənsə, nə üçün geyinirsən? Beləliklə, maddiyyat efirlərin “gözünü” pərdələdikcə, aparıcıların kişili-qadınlı geyimləri, özlərini aparması, davranışı milli mentalitetimizi aşdı. Bu, təbii ki, nitq mədəniyyətinə də təsirsiz ötmədi. Bu gün Azərbaycan teleməkanı özünün ən çox tənəzzül etdiyi dövrünü yaşayır. Efirlərdə yayımlanan proqramlar xalqın milli və ailə dəyərlərindən, həyat tərzindən, mədəniyyətindən, çox-çox uzaqdadır. Efirlər ailələrimizin dörd divar arasında qalmalı olan sirrini-sözünü ictimailəşdirir, atanı bala, balanı ata ilə üz-üzə qoyur. Ər-arvadı gülünc bir formaya salır. Həddən artıq kobud danışıqlarla böyük bir xalqın mədəniyyətinə xələl gətirir. Bütün bunlara görə də televiziyalar üzərində bir nəzarət mexanizmi tətbiq olunmalıdır. Çünki açıqca gördük ki, bu mexanizm olmadan biz yaxşıları qoruyub saxlaya bilmədik, pisin qurbanı olduq”.


Bənzər xəbərlər