media-8f888f5a9014966ddf2c12c0b54fee9b_trend_fourth_day_ofwuf_9

Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası öz işini yekunlaşdırır.

Ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi etdi. 

Bəs 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi bu forum yaddaşlara necə yazılacaq? 

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bu gün başa çatması ilə həm qlobal urbanizasiya gündəmi, həm də Azərbaycanın beynəlxalq diplomatiyası üçün olduqca əhəmiyyətli bir mərhələ uğurla yekunlaşır:

“Ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunan 2026-cı ildə belə bir nəhəng platformaya ev sahibliyi etmək Bakının beynəlxalq münasibətlər sistemində statusunu daha da möhkəmləndirdi. ​BMT-nin Məskunlaşma Proqramının rəhbərliyinin də qeyd etdiyi kimi, Bakı Sessiyası tarixdə ilk dəfə olaraq ölkə rəhbərlərini, nazirləri və şəhərsalma ekspertlərini bu miqyasda bir araya gətirən unikal formatı ilə yadda qalacaq. 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun rekord qlobal əhatəsini göstərir.

Forum çərçivəsində qəbul edilən “Bakı Nəfəs Alan Şəhərlər Üçün Çağırış” kommünikesi şəhərlərdə hava təmizliyi, yaşıl keçid və ekoloji balansın qorunması istiqamətində Bakının qlobal çağırış simvoluna çevrilməsini təmin etdi”.

media-img-20260424-wa0017

Bakı platformasının qlobal Cənub və inkişaf etməkdə olan ölkələrin mənzil böhranı, infrastruktur maliyyələşməsi və sosial ədalət kimi problemlərinin daha yüksək səslə eşidildiyi məkana çevrildiyini vurğulayan B.Məhərrəmov əlavə edib:

“Azərbaycan neft sənayesinin yaratdığı tarixi çirklənməni – “Qara şəhər”i “Ağ şəhər”in timsalında müasir urbanist ekoloji zonaya necə çevirdiyini bütün dünyaya real uğur hekayəsi kimi nümayiş etdirə bildi. Habelə

​Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli və genişmiqyaslı bərpa işləri, “Böyük Qayıdış” proqramı, həmçinin “Ağıllı kənd” (Smart Village) layihələri beynəlxalq səviyyədə böyük maraqla qarşılandı. Bu sahədə

​müharibədən və böhranlardan zərər çəkmiş şəhərlərin bərpası üzrə UN-Habitat və digər beynəlxalq donor təşkilatları ilə yeni birgə fəaliyyət çərçivələri müəyyənləşdirildi.

​Dünyanın aparıcı texnologiya və urbanistika şirkətləri ilə azad olunmuş ərazilərdə yaşıl enerji və rəqəmsal infrastruktur layihələrinin genişləndirilməsinə dair ilkin razılaşmalar əldə olundu. ​Şəhər idarəçiliyində süni intellektin tətbiqi, dayanıqlı mənzil siyasəti və memarlıq irsinin qorunması istiqamətində xarici universitetlər, beyin mərkəzləri və yerli qurumlar arasında birgə tədqiqat və qrant proqramlarının əsası qoyuldu”.

Millət vəkili eyni zamanda ​qeyd edib ki, Azərbaycan WUF13-ü sadəcə bir müzakirə məkanı kimi deyil, strateji tərəfdaşlıqlar qurmaq üçün praktiki platforma kimi istifadə etdi:

“Forum çərçivəsində “Mexiko Siti” pavilyonunun açılması və gələn il keçiriləcək WUF14-ə hazırlıq prosesi Azərbaycanın Latın Amerikası regionu ilə şəhərsalma və investisiya sahəsində əməkdaşlığını sürətləndirdi. Çin və Qazaxıstan kimi ölkələrin media və rəsmi nümayəndə heyətlərinin aktivliyi, “Ağıllı şəhərlər” və rəqəmsal urbanizasiya sahəsində təcrübə mübadiləsi üçün yeni regional memorandumların imzalanmasına zəmin yaratdı”.

“Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, WUF13 Azərbaycanın COP29-dan sonra qlobal ekoloji və urbanistik problemlərin həllində aparıcı moderator rolunu bir daha təsdiqləməklə ölkəmizin gələcəyin yaşıl və təhlükəsiz şəhərlərinin yol xəritəsini cızan strateji mərkəz kimi qəbullanılmasına gətirib çıxardı”,– deyə o, fikirlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər