"Azərbaycanda da bloqerlərə bu qadağa qoyulsa, insan sağlamlığı risk altına düşməz" - AÇIQLAMA
Bir çox ölkədə sosial medianın təsir gücünün artması fonunda insan sağlamlığı ilə bağlı mövzulara xüsusi həssaslıqla yanaşılır. Xüsusilə həkim və dərman reklamlarının bloqerlər və influenserlər vasitəsilə yayılması bir sıra risklər yaradır. Bu cür reklamlar əksər hallarda tibbi bilik və peşəkar məsuliyyət olmadan təqdim edilir ki, bu da cəmiyyətdə yanlış məlumatların yayılmasına, insanların özbaşına müalicəyə yönəlməsinə və sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər. Məhz bu riskləri nəzərə alan bir çox ölkə artıq belə reklamların qarşısını almaq üçün qanunvericilik səviyyəsində müxtəlif məhdudiyyətlər tətbiq edib.
Bəs bu cür məhdudiyyətlərin Azərbaycanda da tətbiq olunması mümkündürmü?
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Patrul.az-a açıqlamasında bildirib ki, bloqerlərin həkim və dərman reklamının qadağan edilməsi insan sağlamlığının qorunmasına xidmət edir:
“Artıq bir çox ölkədə blogerlərə həkim və dərman reklamlarının qadağan olunması çox düzgün addım hesab olunur. Məlumdur ki, həkim və dərman reklamları birbaşa insan sağlamlığı ilə bağlıdır və bu mövzularda edilən istənilən yanlışlıq çox ciddi fəsadlara yol aça bilər. Bu da bir reallıqdır ki, dünyada bir çox influenser və bloger reklam qarşılığında istənilən məhsulu tanıdır və əksər hallarda həmin məhsulun keyfiyyəti barədə kifayət qədər məlumata malik olmurlar. Onlar sadəcə müəyyən məbləğ müqabilində istənilən məlumatı reklam xarakterli şəkildə paylaşırlar. Bu baxımdan, belə reklamların məhz həmin şəxslərə qadağan olunması düzgün addım kimi qiymətləndirilə bilər. Azərbaycanda da əslində bu istiqamətdə dəyişikliklərin edilməsi mümkündür. Bildiyiniz kimi, son dövrlərdə “Reklam haqqında” qanuna müəyyən dəyişikliklər edilib və həmin dəyişikliklərdə influenserlərin istifadə etmədikləri, keyfiyyətinə bələd olmadıqları məhsulları reklam etmələrinin qadağan olunduğu qeyd olunurdu. Lakin reallıq ondan ibarətdir ki, bu tələblərə hansı formada nəzarət olunacağı hələ də açıq qalan suallar sırasındadır”.
Ekspertin fikrincə, insan sağlamlığına risk yaratdığı üçün həkim və dərman reklamlarının blogerlər vasitəsilə aparılması qadağan edilməli, influenserlər isə paylaşdıqları məzmunun yaratdığı məsuliyyətin fərqində olmalıdırlar:
“Bu gün elə dərmanlar ola bilər ki, insan sağlamlığı üçün təhlükə yaratsın, yaxud elə həkimlər mövcud ola bilər ki, səhv diaqnoz və ya yanlış müalicə nəticəsində insan həyatı risk altına düşsün. Məsələn, hansısa bir həkim və ya dərman şirkəti blogerə və ya influenserə maddi ödəniş və ya digər xidmətlər göstərməklə reklam etdirilə bilər. Bu isə ciddi təhlükə yaradır. Bu səbəbdən düşünürəm ki, məsələ birbaşa insan sağlamlığı ilə bağlı olduğuna görə, Azərbaycanda da həkimlərin və dərman şirkətlərinin məhsullarının blogerlər vasitəsilə reklamı qadağan edilməlidir. Bu cür məhsulların yalnız mütəxəssislər, həkimlər və bu sahə üzrə peşəkar təhsili olan şəxslər tərəfindən tövsiyə edilməsi daha məqsədəuyğun olar. Bundan əlavə, blogerlər və influenserlər də bu məsələyə məsuliyyətlə yanaşmalı, vicdanlarını və ictimai məsuliyyətlərini unutmamalıdırlar. Onlar nəzərə almalıdırlar ki, ödəniş qarşılığında paylaşdıqları hər hansı məhsul sonradan insan həyatına təhlükə yarada və hətta ölümə səbəb ola bilər. Bu baxımdan, influenserlər də daşıdıqları məsuliyyətin fərqində olmalıdırlar”.
Cəmilə Cəfərzadə






