Azərbaycanda ət və ət məhsullarında qiymətlər niyə tez-tez artırılır? - İqtisadçılar AÇIQLADI
Son aylarda Azərbaycanda ərzaq bazarında ən çox müşahidə olunan hallardan biri ət və ət məhsullarda davamlı qiymətlərin artmasıdır. Əvvəllər mövsümi səbəblərlə izah edilən bahalaşma artıq ilboyu müşahidə olunur və alıcıların gündəlik büdcəsinə ciddi təsir göstərir.
Niyə məhz ət və ət məhsullarının qiyməti digər məhsullarla müqayisədə daha sürətlə artır?
Bu artımın həm iqtisadi, həm də sosial səbəblərini Patrulaz.az-a iqtisadçı Natiq Cəfərli bölüşüb.
N.Cəfərli fikrincə, ət məhsullarında qiymət artımının əsas səbəbi mal-qaranın sayının kəskin azalmasıdır:
“Bir çox səbəbi var. Son 4 ildir ki, artıq xırda buynuzlu mal-qaranın kəsilməsi azalıb. İribuynuzlu mal-qaranın sayı təqribən 300 min azalıb, xırda buynuzlu mal-qaranın, yəni qoyun və keçilərin sayı isə 1 milyon 300 min azalıb. Yeni mal-qaranın sayı azalır, əhali artır, turist sayı çoxalır və otlaq yerlərin bazası zəifdir, yem isə bahadır. Xaricdən gətirilən mal-qaranın qulluq üçün istifadə olunan dərman parametrələri bahalaşır. Bütün bu sadaladıqlarım nəticəsində ət məhsullarında bahalaşmalar olur”.
Ət məhsullarında qiymət artımı ilə bağlı Patrulaz.az-a açıqlama verən digər iqtisadçı Günay Hüseynovanın sözlərinə görə isə ölkədəki bahallaşma digər sahələrdə qiymətlərin artımı ilə əlaqədardır.
Onun fikrincə, ət məhsullarının bahalaşmasının əsas səbəbi satıcıların digər sahələrdəki bahallaşmanı görərək, ət məhsullarının qiymətlərini süni şəkildə artırmasıdır:
“Ət qiymətlərinin dayanmadan artmasının səbəbi ümumiyyətlə işbazların qiymət artımı ilə əlaqədardır. Çünki müəyyən sahələrdə, yeyinti və qida sahəsində də qiymət artımı olur, yaxud da xidmət sahəsində qiymət artımı müşahidə edilir. Təbii ki, qlobal iqtisadiyyatda qiymət artımı ölkəmizə də təsir edir. Ancaq bu sahədə durmadan qiymət artımı olması birbaşa işbazların fəaliyyəti, süni qiymət artımı ilə əlaqədardır. Çünki yanvar ayında təqaüdlər və pensiyalar, bildiyimiz kimi, artır və yeni ilin yaxınlaşması ilə ətin qiyməti də qalxır. Daha sonra Novruz bayramında qiymət artımı müşahidə edildi. Həmçinin Ramazan və Qurban bayramlarında da.
Əslində dövlət müdaxiləsi nəticəsində qanunlara əsasən həmin işbazlar yüksək qiymət artımı edə bilmirlər və bunu təqribən bir il öncədən qeyd etmişdim ki, ət və ət məhsullarının qiymətlərində artımı mütəmadi olaraq görəcəyik. Çünki birbaşa qiymət artımı edə bilmirlər. Həmçinin istehlakçıların narazılıqlarından dolayı həmin işbazlar qiymət artımını müəyyən aralıq dövrlərdə həyata keçirirlər”.
İqtisadçı ət məhsullarında qiymət artımının digər səbəbini kənd təsərrüfatında yetərli şəraitin olmamasını və buna görə bu sahəyə maraq göstərən işçilərin də az olması ilə əlaqələndirir:
“Ət məhsullarının qiymətinin artmasının digər səbəbləri də var. Kənd təsərrüfatında innovativ texnologiyanın inkişafı yoxdur. Yeni innovativ inkişaf olmadığı üçün bu sahə zəhmətli hesab olunur, onun üçün də heç kəs bu sahə ilə məşğul olmaq istəmir. Bundan əlavə, örüş sahələrinin az olması, dirnaqarası desək, örüş sahələrinin işğalı və bu kimi səbəblər də heyvandarlıq sahəsinə təsir göstərir. Nəticədə hazır alınan yem və ot vasitələri heyvanın yemlənməsinə təsir edir ki, yekunda ət qiymətlərinə də təsir göstərsin”.
G. Hüseynova kənd əhalisinin Bakıya köçməsinin də ət və ət məhsullarının qiymət artımına təsirini vurğulayıb:
“Bundan əlavə, urbanizasiya prosesi, Bakı şəhərinin meqapolisləşməsi də birbaşa ət qiymətlərinə təsir göstərir. Çünki əhalinin əksər hissəsi paytaxt Bakıda məskunlaşıb. Bundan əlavə, Azərbaycan süfrəsində yeməklərin çoxu ət məhsullarından hazırlanır. Yəni işbaz da, kəndli də, sahibkar da bilir ki, əgər ətin qiyməti 40 manat olsa da, yeməkdə ət məhsuluna tələbat var. Ona görə də bu kimi halların qarşısının alınması bir növ absurd kimi görünür. Çünki müəyyən problemlərin aradan qaldırılması lazımdır ki, ət və ət məhsullarının qiymətlərində müəyyən tənzimləmələr həyata keçirilsin”.
Cəmilə Cəfərzadə






