Azərbaycanda iş saatı hansı hallarda azaldıla bilər? - Vəkildən CAVAB
Son günlər Azərbaycanda iş saatının azaldılması məsələsi geniş müzakirələrə səbəb olub. Əmək bazarında işçilərin hüquqlarının qorunması, onların iş şəraitinin yaxşılaşdırılması və ümumi məhsuldarlığın artırılması məqsədilə müxtəlif təkliflər gündəmə gətirilir. Həmçinin, sosial müdafiə və sağlamlıq amilləri də nəzərə alınaraq iş saatlarının tənzimlənməsi barədə fikir mübadiləsi aparılır.
Maraqlıdır ki, qanunvericiliyə görə iş saatının azaldılması hansı hallarda mümkündür?
Bu barədə vəkil Anar Qasımlı Patrulaz.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qısaldılmış iş vaxtına keçmək üçün Əmək Məcəlləsində dəyişiklik edilməlidir:
“İş vaxtı ilə bağlı məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Təbii ki, bunun üçün bir çox dünya ölkələrinin təcrübəsində iş vaxtının qısaldılması və həftəlik iş günlərinin sayının azaldılması ilə bağlı nümunələr mövcuddur. Hətta 4 günlük iş həftəsinə keçən ölkələr də var.
Bizim ölkəmizdə də buna keçmək üçün, təbii ki, Əmək Məcəlləsinə dəyişiklik olunmalıdır. Bu barədə müvafiq təklif Milli Məclisə daxil ola bilər və Milli Məclisdə müzakirə olunaraq qərar verilə bilər. Əmək Məcəlləsində dəyişiklik olunduqdan sonra ölkəmizdə də qısaldılmış iş vaxtına keçid mümkün ola bilər”.
Cəmilə Cəfərzadə






