Azərbaycanda niyə valideynlər uşaqlarını öz istədiyi peşəyə yönləndirir? - Psixoloqdan İZAH
“Azərbaycan cəmiyyətində valideynlər övladlarının həyatında özlərinin reallaşmadığı arzularını həyata keçirməyə çalışırlar”.
Bunu Patrulaz.az-a açıqlamasında uşaq psixologiyası üzrə mütəxəssis-psixoloq Nuriyyə Quliyeva deyib.
Psixoloq Azərbaycan cəmiyyətində valideynlərin uşaqlarının peşə seçiminə böyük təsir göstərdiyini vurğulayaq bildirib ki, bu, gələcəkdə gənclərin öz potensiallarını tam reallaşdıra bilməməsi ilə nəticələnə bilər:
“Düşünürəm ki, bizim cəmiyyətdə valideynlər övladladlarının yaşının neçə olmasına baxmayaraq, daha çox qoruyucu rəftarla davranır, sanki onlara güvənmirlər və çətinə belə salmaq istəmirlər. Bu da şəxsin özündə özgüvənsizlik yaradır. Nəticədə valideyn “Mən daha doğrusunu seçə bilərəm”, “Bu daha düzgündü”, “Tələsmə”, “Bu peşə daha prestejlidir” tipli sözlərlə övladlarına müdaxilə edirlər. Misal olaraq, uşaqlıqda pionaya gedə bilməyən şəxs gələcəkdə öz uşağının piyanist olmasını arzulayır. O cümlədən, bəzi səbəblərdən həkim ola bilməyən şəxslər uşaq doğulan kimi “ sən həkim olacaqsan” deyərək onları yönləndirməyə başlayırlar. Bəzən isə bu yönləndirmədən çıxaraq, təzyiq şəkilini alır”.
N. Quliyevanın fikrincə, valideynlərin uşaqlarının ixtisas seçiminə müdaxilə etməsinin əsas səbəblərindən biri onlara gəlirli peşə seçdirmək istəkləridir.
Psixoloqun sözlərinə görə, valideynlər çox zaman övladlarının istedad və maraqlarını deyil, cəmiyyət tərəfindən “prestijli” hesab edilən sahələri üstün tuturlar:

“Bundan başqa, valideynlər maddi rifah baxımdan da uşaqlarının gələcəyi üçün narahat olduqlarından karyerasında müəyyən seçimlər irəli sürürlər. “Mənim yaşım və təcrübəm çoxdur”, “Biz böyüyük”. “Dostlarla məsləhətləşmişik, bilirik ki, bu ixtisaslar daha məsləhətlidir” kimi ifadələrlə uşaqların həyatına madii vəziyyətin yaxşı olması üçün müdaxilələr edirlər. Amma valideynlər unutmamalıdır ki, bir insan üçün peşə seçimi ən önəmli qərarlardan biridir. Çünki o qərara əsasən insanlar illərlə təhsil alıb, işləyəcəkdir. İnsan sevmədiyi sahədə olduğu zaman isə malik olduğu potensialını göstərə bilməyəcək. Amma öz sevdiyi və bacarıq və biliyinin yetdiyi sahədə işləyən insan ən yaxşı mütəxəssislərdən biri olacaq. Bununla da həmin insan sahəsindən asılı olmayaraq, digər həmkarlarından seçiləcəkdir. Yəni, idman, incəsənət, elm, vəkilliklə bağlı sahələrdə çalışan insanlar bacarıqlıdırsa və istəyərək işini görürsə, bu zaman onlar prestijli sahələrdə daha yüksək nəticələr əldə edəcəkdir. Misal olaraq, bəzi valideynlərin gözündə musiqi, idman, rəsim daha zəif ixtisaslar kimi görünür. Amma həkim və ya vəkil olmaq daha prestijli sahələr kimi görünür. Lakin bu gün elə idmançılarımız var ki, həm statusu, həm də maddi gəliri baxımından həkim, o cümlədən vəkillərdən daha üstün nəticələr əldə edib. Həmçinin elə rəssamlar da var ki, kifayət qədər yüksək statusa malik olur, insanlar ona hörmət edir, maaşı da yüksək olur. Ona görə də düşünürəm ki, valideynlər “cəmiyyətdə hansı ixtisaslar daha üstündür” kimi düşünmək əvəzinə “övladımın bilik və bacarığı hansı ixtisasa daha uyğundur”, deyə fikirləşib dəstək olmalıdırlar. Həmçinin öz sevdiyi ixtisası seçə bilməyən insanlar hər zaman bunun yoxluğunu içində yaşayır və bu da onun həyatına təsir göstərmiş olur”.
Gülbəniz Səfərova






