Azərbaycanda, yoxsa xaricdə istirahət daha sərfəlidir?
İsti yay aylarının qızğın çağında insanlar ilboyu yığılan yorğunluğu atmaq və tətilin dadını çıxarmaq üçün müxtəlif istiqamətlərdə istirahət planlaşdırırlar. Lakin bu seçim qarşısında çoxları üçün bir sual ortaya çıxır: Azərbaycanda qalmaq daha sərfəlidir, yoxsa xaricə getmək?
Patrulaz.az-ın araşdırmasına görə, bu sualın cavabı təkcə qiymətlərdən deyil, eyni zamanda xidmət keyfiyyəti, rahatlıq, təhlükəsizlik və şəxsi gözləntilərdən də asılıdır. Gəlin, bu seçimləri bir neçə əsas aspekt üzərindən analiz edək:
Büdcəyə uyğunluq və qiymətlər

Yerli istirahət mərkəzləri Qəbələ, Quba, Şəki, Lənkəran kimi bölgələrdə yay aylarında otellərin qiymətləri xeyli yüksəlir. Bir ailənin bu bölgələrdə bir həftəlik tətili orta hesabla 600-1200 AZN-ə başa gələ bilər. Bunun müqabilində, eyni büdcə ilə bəzi xarici ölkələrdə – məsələn, Türkiyədə “all-inclusive” sistemlə, ya da Gürcüstanda mənzərəli istirahətlə daha geniş imkanlar əldə etmək mümkündür.
Xüsusilə son illərdə Misir, Serbiya, Gürcüstan kimi ölkələr Azərbaycandan səyahət edən turistlər üçün həm vizasız giriş, həm də münasib qiymətlərlə daha sərfəli alternativlər təqdim edir.
Xidmət keyfiyyəti

Xidmət baxımından hələ də Azərbaycanda bəzi otellər və turizm obyektləri dünya standartlarından geri qalır. Müştəri məmnuniyyəti, personalın peşəkarlığı və xidmətlərin çeşidi baxımından Türkiyə, BƏƏ, Misir kimi ölkələrdəki turizm sektoru illərin təcrübəsi ilə daha yüksək səviyyədədir.
Əlavə olaraq, “all-inclusive” konsepti ilə yemək, içki, əyləncə və dincəlmə kimi bütün ehtiyaclar bir yerdə qarşılandığı üçün xüsusilə ailəli turistlər üçün xaricdə istirahət daha komfortlu görünür.
Səyahət xərcləri və proseslər

Xarici ölkələrə səfər etmək üçün bəzən viza, bilet və əlavə sığorta xərcləri tələb olunsa da, vizasız ölkələrə (Türkiyə, Gürcüstan, Misir, Serbiya) səyahət daha sadə və əlçatan olub. Üstəlik, bəzi çarter reysləri və erkən rezervasiya kampaniyaları vasitəsilə sərfəli uçuş paketləri əldə etmək mümkündür.
Digər tərəfdən, ölkə daxilində şəxsi avtomobillə və ya yerli nəqliyyat vasitəsilə istirahət bölgələrinə getmək daha az bürokratik və daha sərfəli görünə bilər – lakin bu, xidmət keyfiyyəti ilə kompensasiya olunmalıdır.
Təhlükəsizlik və mədəni uyğunluq

Yerli istirahətdə dil, mətbəx və davranış normaları tam tanışdır, bu da xüsusən yaşlı və ya uşaqlı ailələr üçün üstünlük sayılır. Xarici ölkələrdə isə bəzi hallarda dil baryeri, fərqli qidalanma mədəniyyəti və təhlükəsizlik məsələləri çətinlik yarada bilər. Buna baxmayaraq, yaxşı planlaşdırılmış və etibarlı tur şirkətləri vasitəsilə bu risklər minimuma endirilə bilər.
Təcrübə və yadda qalan xatirələr

Xarici səyahər, xüsusilə ilk dəfə ölkə xaricinə çıxanlar üçün fərqli mədəniyyətlərlə tanışlıq, yeni dostluqlar, dünya görüşünün genişlənməsi baxımından unikal bir təcrübə yaradır. Eyni təbiət mənzərələrindən sıxılan, yeni nəsə kəşf etmək istəyənlər üçün xarici istirahət daha motivasiyaedici ola bilər.
Əksinə, daha sakit, təbiətlə iç-içə, ailəvi və ya istirahət yönümlü tətil axtaranlar üçün Azərbaycanın dağ və yaylaq bölgələri çox gözəl seçimdir.
Hansı daha sərfəlidir sualına qayıtsaq əgər bu sualın dəqiq cavabı sizin şəxsi prioritetlərinizdən, büdcənizdən və istirahət məqsədinizdən asılıdır.
Ləman Sərraf






