Telefon kamerasını örtmək lazımdır? - Mütəxəssis Açıqladı
Telefonun kamerasını xüsusi örtüklə bağlayanların sayı son illərdə artıb. Bəziləri bunu şəxsi məlumatlarını qorumaq üçün vacib təhlükəsizlik tədbiri hesab etsə də, digərləri bunun əsassız qorxu və mifdən qaynaqlandığını düşünür. Bəs həqiqətən hakerlər istifadəçinin xəbəri olmadan telefonun kamerasını aktivləşdirə bilərmi? Kameranı örtməklə bu riskin qarşısını almaq mümkündürmü?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki,telefon kamerasını örtmək mif deyil, əlavə fiziki təhlükəsizlik tədbiridir, lakin əsas qorunma cihazın təhlükəsizlik qaydalarına əməl etməkdən keçir:
“Telefon kamerasını örtməyi bəzən şişirdilmiş mövzu kimi təqdim edirlər, amma kibertəhlükəsizlik baxımından bu, mif deyil. Nəzəri və praktik olaraq kibercinayətkarlar zərərli proqramlar və ya əməliyyat sistemindəki boşluqlardan istifadə edərək cihazın kamerasına icazəsiz çıxış əldə edə bilərlər. Bununla belə, müasir Android və iOS sistemlərində tətbiq olunan təhlükəsizlik mexanizmləri bu riski əhəmiyyətli dərəcədə azaldır.
Kamera örtüyü texniki təhlükəsizlik tədbirlərini əvəz etmir, lakin əlavə fiziki müdafiə qatıdır”.

Mütəxəssis qeyd edir ki, kameranı örtmək əlavə təhlükəsizlik tədbiri ola bilər, lakin əsas müdafiə kibergigiyena qaydalarına əməl etməkdir:
“Xüsusilə məxfi məlumatlarla işləyən şəxslər, jurnalistlər, dövlət qurumlarının əməkdaşları və rəhbər vəzifəli şəxslər üçün bu tədbir məqsədəuyğun hesab edilə bilər. Əksər istifadəçilər üçün isə əsas məsələ cihazı daim yeniləmək, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək və kamera icazələrini nəzarətdə saxlamaqdır.
Yəni kameranı örtmək panikaya səbəb olacaq bir məsələ deyil, amma əlavə təhlükəsizlik tədbiri kimi faydalıdır. Əsas müdafiə istifadəçinin kibergigiyena qaydalarına əməl etməsidir”.
Cəmilə Cəfərzadə






