Hərəkətsiz avtomobildə telefondan istifadəyə görə cərimə yazıla bilər? - Hüquqşünas Açıqladı
Adi halda avtomobil idarə edərkən telefondan istifadə qadağandır. Bu qayda yol hərəkətinin təhlükəsizliyi üçün tətbiq olunur. Amma tıxacda və ya tam dayanmış vəziyyətdə bu qadağanın necə tətbiq olunması sual doğurur. Bəs hərəkətsiz avtomobildə də telefondan istifadəyə görə cərimə yazıla bilər?
Patrul.az mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasova müraciət edib.
Hüquqşünas məsələyə aydınlıq gətirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsinə əsasən, avtomobil sürərkən sürücülərin telefondan istifadə etməsi, yəni qulaqcıqsız və ya avtomobilin multimedia sisteminə qoşulmadan danışması 50 manat məbləğində cərimə ilə nəticələnir:
“Qeyd olunan qayda, yalnız hərəkət zamanı deyil, işıqforun qırmızı işığında və ya tıxac şəraitində dayanma zamanı da qüvvədədir”.
““Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi eyni ifadəni nəzərdə tutur: nəqliyyat vasitəsi hərəkətdə olarkən telefonu əldə saxlamaq və ondan istifadə etmək. Xətanın tərkibi məhz hərəkət halı ilə bağlıdır. Telefonu əldə saxlamaq və ondan istifadə etmək hər ikisi eyni anda hərəkət zamanı olmalıdır.
Qanunvericiliyə görə, avtomobil hərəkətdə olmasa belə, sükan arxasındakı şəxs yol hərəkətində iştirakçı sayıldığından, telefondan istifadəsi inzibati xətadır”.

Müsahibimiz, avtomobil tıxacda tam dayansa belə, maddənin tələblərinin formal olaraq tamamlanmadığını vurğulayıb:
“İnzibati xətalarda analogiya və geniş şərhə yol verilmir. Buna görə də hərəkətsiz avtomobildə telefondan istifadə bu maddəyə uyğun gəlməyə bilər.
İşıqforda və ya tıxacda qısa dayanma bəzən hərəkətin davamı kimi qəbul edilir. Bu halda avtomobil tam park edilmiş vəziyyətdən fərqli qiymətləndirilir. Yol polisi əməkdaşı isə bu fərqi həmişə nəzərə almaya bilər”.
“Qanunvericiliyə əsasən, telefondan istifadəyə görə inzibati məsuliyyət nəqliyyat vasitəsinin hərəkətdə olduğu hallara şamil edilir. Avtomobil tam dayanmış vəziyyətdə olduqda isə bu normanın tətbiqi hüquqi baxımdan mübahisəli hesab oluna bilər”,- deyə o, fikirlərini yekunlaşıdırıb.
Ləman Sərraf






