“Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər” - DEPUTAT
“Son 30 ildə Ermənistanın təcavüzkar dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin 2023-cü ilin may ayında ifadə etdiyi kimi, “Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”.
Lakin Ermənistan dövlətinin işğalçı-təcavüzkar strategiyasına müvafiq olaraq, planlı şəkildə yerləşdirilmiş minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi şərtlərin razılaşdırıldığı və sülh üçün unikal imkanın yarandığı bir vaxtda işğaldan azad olunmuş ərazilərimizdə hələ də mina terrorunun davam etməsi İrəvanın sülh prosesinə sədaqətini və bütövlükdə bu istiqamətdə əsl niyyətlərini şübhə altına alır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bir sıra Qərb dövlətlərinin birbaşa himayəsi altında Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzura ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır:
“Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir.
44 günlük savaşla regionda işğala, lokal antiterror tədbirlərinin ardınca isə separatizmə son qoysa da, mina terroru hələ də davam edərək postmüharibə dövründə 400-ə yaxın insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə, tələfatların isə gündən-günə artmasına səbəb olmaqdadır.
Ermənistan isə hələ də bu prosesdə “təqsirsiz və xəbərsiz” kimi davranır ki, bunun da kökündə, ilk növbədə “beynəlxalq ictimaiyyətin” İrəvanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır”.
Deputat vurğulayıb ki, ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası Avropa Parlamenti, qeyri-adekvat davranışlar sərgiləyən radikal kluba çevrilmiş AŞPA bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib:
“Əksinə, biz Qərbdən Azərbaycanın suveren haqlarını görməzdən gələn ləyaqətsiz çağırışlar eşidirik ki, bu da Qərbin açıq formada terrora təşviq, müharibə cinayətlərinə isə ortaqlığı deməkdir. Lakin 44 günlük savaşda olduğu kimi, postmüharibə dövründə də cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim dayana, o cümlədən mina terroru Azərbaycanın böyük planlarını ləngidə bilməz. Mina təhdidinə baxmayaraq Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa prosesini həyata keçirməkdə, Böyük Qayıdışı reallaşdırmaqdadır. Prosesin ləyaqətli və təhlükəsiz formada təmini üçün minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına aparılır. Üstəlik, humanitar minatəmizləmənin BMT-nin Qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş Azərbaycan özü humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir”.
Ləman Sərraf