"Azərbaycan Çin üçün əsas tranzit ölkələrdən birinə çevrilib" - Aydın Hüseynov
“Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycanla Çin arasında iqtisadi-siyasi əlaqələr getdikcə daha da genişlənir, daha da dərinləşir:
“Qeyd etmək lazımdır ki, Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Azərbaycanın idxal göstəricilərinə görə Çin ikinci yerdə qərarlaşır və bu ticarət dövriyyəsi artıq 4 milyard manatı keçmişdir.
Perspektivdə enerji sektoru sahəsindəki əməkdaşlığımız öz bəhrələrini verməkdədir. Digər istiqamətlərdə, o cümlədən qarşıda duran perspektivlərdə hərbi sənaye sahəsindəki əməkdaşlığımız da müsbət nəticələr verməkdədir. Məlumdur ki, Çin dünya iqtisadiyyatında çox önəmli bir aktordur və bu baxımdan Azərbaycanla Çin arasındakı əlaqələrin daha da inkişaf etməsi mühüm əhəmiyyət kəsb edir”.

Millət vəkilinin sözlərinə görə, bu əlaqələrin ikinci mühüm istiqaməti nəqliyyat və logistika sahəsindəki əməkdaşlıqdır:
“Artıq Çin istehsalı olan məhsulların Avropaya daşınmasında Azərbaycan əsas tranzit ölkələrdən birinə çevrilmişdir. Bakı–Tbilisi–Qars dəmir yolu bu kontekstdə mühüm rol oynayır. Gələcəkdə isə Zəngəzur dəhlizinin açılması bu sahəyə əlavə dəyər qatacaq və iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəkdir.
Artıq Azərbaycan üzərindən illik 15 milyondan çox yük daşınması proqnozlaşdırılır və bu yükdaşımalarda Çin əsas rol oynayan ölkələrdən biridir. Ümumilikdə götürdükdə, digər sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığımız müsbət nəticələr verir”.
A.Hüseynov əlavə edib ki, alternativ enerji sahəsində də əməkdaşlıq diqqətəlayiqdir:
“Xüsusilə külək enerjisinin istehsalı üçün Çin istehsalı olan avadanlıqların Azərbaycana gətirilməsi və həmin texnologiyalardan istifadə olunması istiqamətində görülən işlər iqtisadi əlaqələrimizin daha da möhkəmləndiyini göstərir. Bu əməkdaşlıq artıq öz müsbət töhfəsini verməkdədir”.
Ləman Sərraf






