Azərbaycanlıların da təhsil aldığı məşhur universitetdə dəhşətli cinayət: Qatil ChatGPT-dən məsləhət alıbmış
ABŞ-nin Cənubi Florida Universitetinin iki tələbəsinin qətlində “ChatGPT”nin rolu olduğu iddia edilir.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, universitetdə təhsil alan banqladeşli doktorantlar – 27 yaşlı Zamil Limon və Nahida Bristi bir neçə gün əvvəl itkin düşüblər.
Aparılan axtarışlar nəticəsində Limonun cəsədinin qalıqları zibil torbalarında bir körpünün altında, Bristinin meyiti isə su kanalında aşkar edilib.
Cinayətdə şübhəli bilinən şəxs tələbələrin otaq yoldaşı, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kursantı, 26 yaşlı Hişam Abuğarbiehdir. Məhkəmə sənədlərinə əsasən, Abuğarbieh cinayəti törətməzdən əvvəl “ChatGPT” ilə mütəmadi “məsləhətləşmələr” aparıb.
Belə ki, istintaq nəticəsində onun süni intellektə ünvanladığı suallar ortaya çıxıb:
– “Bir şəxs qara zibil torbasına qoyulub zibil qutusuna atılarsa, nə baş verər?”
– Silahların əldə edilməsi və istifadəsi qaydaları;
– Avtomobillərin identifikasiyasından yayınma yolları;
– Qurbanların “iPhone” telefonlarının izlənməsini dayandırmaq üsulları.
Florida Baş prokuroru Ceyms Utmeyer məsələyə sərt reaksiya verərək, “OpenAI” şirkətinə qarşı araşdırmaların genişləndirildiyini bildirib. O, texnologiyanın cinayətə vasitəçilik etdiyini vurğulayıb:
“Əgər ChatGPT bir şəxs olsaydı, hazırda qətl ittihamı ilə mühakimə olunardı”, – deyə bildirib.
Məlumat üçün bildirək ki, hadisənin baş verdiyi Cənubi Florida Universiteti (USF) azərbaycanlı gənclərin də üstünlük verdiyi təhsil ocaqlarından biridir.
Rəsmi statistikaya görə, universitetin 50 mindən çox tələbə heyəti arasında müxtəlif dərəcələr üzrə (bakalavr, magistr və doktorantura) 27 azərbaycanlı tələbə təhsil alır. Baş vermiş faciə universitetdə, eləcə də orada təhsil alan həmyerlilərimiz arasında böyük üzüntü və narahatlıq doğurub.
Hazırda şübhəli şəxs həbsdədir. Süni intellektin cinayətlərdəki hüquqi rolu və texnoloji şirkətlərin məsuliyyəti məsələsi ştatın xüsusi sessiyasında geniş şəkildə müzakirə olunacaq.







