“AZRA”dan ilk açıqlama: “Video zarafat idi, əməkdaşımız 70-ci maddə ilə işdən çıxarılıb” - VİDEO
Xəbər verdiyimiz kimi, Şəki şəhərində fəaliyyət göstərən “AZRA” şirniyyat evinin işçilərindən Ayşən Babazadənin müştərilərə çay verməzdən əvvəl stəkanlara tüpürdüyünü əks etdirən görüntülər yayımlanıb.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı “AZRA” şirniyyat evindən ilkin və şokedici açıqlama verilib. Müəssisədən bildirilib ki, video zarafat məqsədilə çəkilib və işçi Ayşən Babazadə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən kənarlaşdırılıb:
“Bizi tanıyanlar yaxşı bilir ki, müdiriyyətin bu məsələdən xəbəri olmayıb. Sözügedən xanım 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilib. Video deyilənə görə zarafat məqsədilə çəkilib. Mənfi rəy yazanlar bizi tanısalar belə deməzlər. Yenə də dəstəyiniz üçün təşəkkür edirik”.
Şirniyyat evi həmçinin bu hadisədən sonra obyektin fəaliyyətinin müvəqqəti dayandırıldığını da iddia edib.
Hadisənin diqqətçəkən məqamlarından biri də, Ayşən Babazadənin videoda işlətdiyi “Yenə mən, yenə macəralarım” ifadəsidir. Bu sözlər onun əvvəllər də oxşar davranışlara yol verdiyi ehtimalını gücləndirir.
Bununla belə, müəssisənin ictimaiyyət qarşısında üzr istəmək əvəzinə “müdriyyətin xəbəri olmayıb, deyilənə görə video zarafat məqsədilə çəkilib” tipli açıqlama verməsi vəziyyəti daha da gərginləşdirib. Etikadan tam kənar olan bu hərəkətin hansı məqsədlə edildiyi məlum olmasa da, bir işçinin davranışı bütün kollektivin əməyinə kölgə salıb və müəssisənin nüfuzuna ciddi zərbə vurub.
Məsələ göstərdi ki, ictimai iaşə sektorunda nəzarət, peşə etikası və sanitar təhlükəsizlik məsələləri hələ də ciddi problemlərlə üz-üzədir. Burada söhbət sadə bir etik pozuntudan deyil, müştərinin sağlamlığını birbaşa riskə atan, ictimai etimadı sarsıdan iyrənc bir davranışdan gedir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmaq işçi üçün uzunmüddətli mənfi nəticələr yaradır: bu bəndlə azad edilmiş şəxslərin dövlət və özəl sektorda gələcəkdə işə düzəlməsi xeyli çətinləşir, çünki işdən çıxarılma səbəbi rəsmi sənədlərdə göstərilir və yeni işəgötürənlər tərəfindən nəzərə alınır.
Gülbəniz Səfərova






