Azuşaqlı ailələrin sayının artmasında əsas amillər nələrdir? – SOSİOLOQ DANIŞDI
Son illərdə doğum səviyyəsində kəskin azalma müşahidə olunur. Azuşaqlı ailələrin sayının artması isə cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.
Bəs bu tendensiyanın arxasında duran əsas amillər hansılardır? Niyə əvvəllər ailələr 5-6 uşağa baxa bilirdisə, bu gün əksər valideynlər 1-2 uşaqla kifayətlənir?
Mövzu ilə bağlı Patrul.az-a danışan sosioloq Ağasəlim Həsənov bildirib ki, müasir dövrdə ailələr iqtisadi çətinliklər, yaşam xərclərinin artması, mənzil problemi və sosial təminatın qeyri-kafiliyi səbəbindən daha az uşaq sahibi olmağa üstünlük verirlər:
“Azərbaycan cəmiyyətində gedən demoqrafik proseslərin təhlili göstərir ki, son illərdə əhali artımı əvvəlki dövrlərlə müqayisədə ləngiyir və azalma meyilləri müşahidə olunur. Statistik göstəricilər və sosial-iqtisadi faktorlar bu tendensiyanı şərtləndirən əsas səbəbləri ortaya çıxarır.
Bir tərəfdən doğum səviyyəsinin aşağı düşməsi, gənc ailələrin sayının azalması, evlənmə yaşının yüksəlməsi, şəhərləşmənin sürətlənməsi və həyat xərclərinin artması bu prosesə təsir göstərən başlıca amillərdəndir. Gənclər daha çox karyera, təhsil və iqtisadi sabitliyi prioritet hesab etdiklərinə görə ailə qurmağa və uşaq dünyaya gətirməyə gecikirlər.”
Sosioloqun sözlərinə görə, əhali artımına təsir edən mühüm amillərdən biri də miqrasiya prosesləridir:
“Xüsusilə regionlardan böyük şəhərlərə və xarici ölkələrə iş və yaşayış məqsədilə gedən insanların sayı artıb. Bu da bəzi bölgələrdə əhalinin azalmasına gətirib çıxarır.
Səbəblər çoxşaxəlidir. Demoqrafik inkişafın ləngiməsi, doğum sayının azalması, ailələrdə yeni düşüncə tərzinin formalaşması bu prosesin əsas səbəblərindəndir. Əvvəllər böyük ailələrə üstünlük verilsə də, bu gün valideynlər maddi və psixoloji çətinlikləri nəzərə alaraq bir və ya maksimum iki uşaqla kifayətlənir.”
Ağasəlim Həsənov həmçinin sosial, iqtisadi və sosial-mədəni amilləri də qeyd edib:
“Gənc ailələrin iş tapmaqda və sabit gəlir əldə etməkdə çətinlik çəkməsi, kirayə mənzil problemi, qadınların karyera prioritetlərinin artması, erkən evliliklərin azalması və nikaha yanaşmada fərqli baxışların formalaşması doğum səviyyəsinin azalmasına ciddi təsir göstərir.
Bu amillərin birgə təsiri nəticəsində doğum nisbətləri aşağı düşür və bu, ölkələr üçün uzunmüddətli sosial-iqtisadi risklər yaradır.”
Sosioloq qeyd edib ki, bu tendensiya strateji planlaşdırmada xüsusi diqqət tələb edir:
“Əhalinin yaşlanması, işçi qüvvəsinin azalması və sosial təminat sisteminə düşəcək yük gələcəkdə daha ciddi nəticələrə səbəb ola bilər. Ona görə də dövlətin ailə institutunu gücləndirən, doğumu stimullaşdıran və gənclərin sosial rifahını artıran addımlar atması vacibdir.”
Ağasəlim Həsənov həmçinin kənd və şəhər arasındakı fərqlərin də demoqrafik proseslərə təsir etdiyini bildirib:
“Şəhərlərdə əmək bazarının daha intensiv olması, texnologiyanın sürətli inkişafı, təhsil və səhiyyə imkanlarının genişliyi həyat tərzini sürətləndirir. Kənd əhalisinin həyatı isə daha çox təbii resurslara, əkinçilik və heyvandarlığa əsaslanır.
Kənd yerlərində ictimai nəzarət və ənənəvi dəyərlər güclüdürsə, şəhərdə fərdilik və şəxsi seçimlər ön plandadır.”
“Nəticə olaraq, sənayeləşmə, informasiya texnologiyalarının inkişafı, təhsil səviyyəsinin yüksəlməsi və miqrasiya kənd və şəhər arasında fərqli yaşam modellərinin formalaşmasına səbəb olur,” – deyə o əlavə edib.
Ləman Sərraf






